31 dekabr Azərbaycan millətinin birlik şüarının simvoludur

img

1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməklə həmrəyliyin hüquqi və siyasi təsdiqini reallaşdırdı. Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlıların vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu. 1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan Prezidentinin Fərmanı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi bayram elan edildi. Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir daha sübut edir ki, Azərbaycan təkcə coğrafiya deyil — bir ruhdur, Azərbaycan təkcə sərhəd deyil — bir düstur, bir amal, bir dəyər sistemidir, Azərbaycan təkcə dövlət deyil — dünyanın hər tərəfində yaşayan milyonların qəlb çırpıntısıdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı, cənab Prezident İlham Əliyevin davam etdirdiyi bu ideya millətin həm bu günü, həm sabahı, həm də əbədi yoludur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vətənə sonsuz məhəbbət və milli-mənəvi dəyərlərimizə dərin hörmət hisslərini özündə təcəssüm etdirən tarixi bir gündür. Bu bayram dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı vahid məqsəd və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən mənəvi körpüdür.

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: