Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib və geniş məzmunlu çıxışla ölkədə idman sahəsində əldə olunmuş nəticələri, görülən işləri və qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb. Dövlət başçısı çıxışında qeyd edib ki, ilin yekunlarına həsr olunan bu görüşlər artıq ölkənin idman həyatında ənənəvi xarakter alıb. 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha göstərdi ki, Azərbaycanda idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər ölkədə idmanın davamlı inkişafının təmin ediləcəyini, idmançıların və mütəxəssislərin bundan sonra da dövlət tərəfindən yüksək qiymətləndiriləcəyini təsdiqlədi. Bu yanaşma Azərbaycanın beynəlxalq idman arenalarında mövqelərinin daha da möhkəmlənəcəyinə və yeni uğurların əldə olunacağına əsaslı zəmin yaradır. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda da idman sahəsi dövlət səviyyəsində, xüsusilə olimpiya hərəkatı çərçivəsində çətin və şərəfli inkişaf yolu keçib. Ölkəmizdə Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu. Belə ki, həmin il Azərbaycanda Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. O zaman məhz İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafına yönəlik təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi. Bu gün regionlarımızda fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin sayı artıq 46-ya çatıb. Şərgi Zəngəzur və Qarabağ İqtisadi Rayonları da daxil olmaqla bölgələrimizdə demək olar ki hər bir idman növünün inkişafı üçün zəruri infrastruktur yaradılır, xüsusilə idman tuzimi inkişaf etdirilir. Azərbaycan bu günə qədər İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, bu il keçirilən Üçüncü MDB Oyunları, Formula 1 Azərbaycan Qran Prisi kimi bir sıra beynəlxalq idman turnirlərinin keçirilməsi gənclərimizin idmanla məşğul olmağa həvəsini daha da artırıb. Bu yanaşma idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınmasına xüsusi təkan verdi. 2025-ci ildə idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatdı. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən idmanın müxtəlif sahələrində 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılması ölkə başçısının birbaşa nəzarəti ilə aparılan dövlət idman siyasətinin verdiyi müsbət nəticələrin bariz nümunəsidir. Təsadüfi deyil ki, Bakı şəhəri 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” elan edilib. İdmançılarımızın beynəlxalq yarışlarda Azərbaycanı təmsil edərkən əldə etdikləri qələbələr, Bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, Vətənə və Azərbaycan Bayrağına olan məhəbbətinin artması üçün etibarlı zəmin yaradır.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









