"Prezidentin strateji liderliyi: gələcəyə baxış və zamanın idarə olunması" - Əhliman Əmiraslanov

img

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərlə ölkəmizin suverenliyinin tam bərpasından sonra keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini təqdim etdi. Dövlətimizin başçısının açıqlamaları Azərbaycanın xarici siyasətinin milli maraqlara, strateji məqsədlərə və uzunmüddətli perspektivə söykəndiyini nümayiş etdirir. Cənab prezidentin qətiyyətli və uzaqgörən bəyanatları göstərir ki, Azərbaycan artıq yalnız regional reallıqları müəyyən edən subyekt deyil, həm də qlobal miqyasda strateji əhəmiyyətə malik güc mərkəzidir.

Dövlət başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Dövlət başçısı müsahibəsində həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Prezidentin müsahibəsində daxili siyasət məsələlərinə xüsusi yer ayrılması dövlət idarəçiliyində sosial rifah amilinin prioritetliyini bir daha ön plana çıxarmışdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların balanslı tərəqqisi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas sütunları kimi təqdim olunmuşdur. Bu yanaşma Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinə sadiqliyini ifadə edir. Müsahibə zamanı dövlət başçısı regionların idarə edilməsində tətbiq olunan yeni idarəetmə modeli barədə danışarkən, kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsiplərinin alternativsiz olduğunu xüsusi vurğulamışdır. Eyni zamanda, dövlət başçısının institusional islahatlara verdiyi əhəmiyyət hüquqi dövlət quruculuğunun və idarəetmədə şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətin davamı kimi qiymətləndirilə bilər. 

Bu kontekstdə insan kapitalının inkişafı, təhsil və hərb sahələrində aparılan tədbirlər strateji investisiya kimi təqdim olunur. Cənab Prezident müsahibəsində beynəlxalq münasibətlərdə realist yanaşma, milli maraqların qorunması və strateji əməkdaşlıq Azərbaycanın uğurlu siyasətinin təməlini təşkil etdiyini bildirərək qeyd edir ki: “Beynəlxalq hüquq faktiki olaraq işləməsə də, beynəlxalq arenadakı əsas oyunçular, - ən azı zahirən, - beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi. Amma hər hansı ərazi iddiası üçün “öz müqəddəratını təyinetmə” bəhanəsi Azərbaycan üçün çox yaxşı tanışdır. Biz haqlı olduğumuzu dünyaya izah etməyə çalışarkən, “öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə qarşı qoyula bilməz və təcavüzkar separatizm qınanmalıdır” deyərkən, yenə qəti səssizlik, laqeydlik və bəlkə də bir qədər də təkəbbürlə üzləşirdik, ta ki biz torpaqlarda vuruşub düşməni məğlub edənə qədər. Ondan sonra vəziyyət dəyişdi. Bir neçə il əvvəl bəzi düşməncəsinə hərəkətləri yarım-beynəlxalq hüquq düsturları ilə ört-basdır etməyə cəhdlər olurdusa, indi belə deyil. İndi isə heç kəs kim nə deyir, hansı təşkilat hansı qətnaməni qəbul edir kimi məsələlərə əhəmiyyət vermir. Dünyada baş verən hadisələr - müharibələr, münaqişələr göz önündədir. Bəs, guya demokratik Avropada nə deyirlər? “Biz narahatıq, vəziyyəti izləyirik, mövqeyimizi nəzərdən keçiririk”. Beynəlxalq hüquq pozulanda güclü olan haqlıdır. Bu, bizim seçimimiz deyil. Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm.” 

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-ABŞ münasibətlərindəki yeni dinamikanı və son dövrlərdə müşahidə olunan müsbət meyilləri də geniş şəkildə təhlil etdi. Dövlət başçısı münasibətlərin artıq daha konstruktiv və qarşılıqlı hörmətə əsaslanan müstəviyə keçdiyini vurğulayaraq ABŞ-la münasibətlərdə müəyyən bir gərginlik dövrünün geridə qaldığını, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yaranan yeni reallıqların Vaşinqton tərəfindən daha dərindən dərk edilməyə başlanmasını, artıq hər iki tərəfin əməkdaşlığın gələcəyinə fokuslandığını, eyni zamanda münasibətlərin yaxşılaşmasında ənənəvi əməkdaşlıq sahələrinin rolunun yenidən ön plana çıxdığını vurğuladı. Cənab Prezident bildirdi ki: “Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun.

Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır. Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir.”

Yekun olaraq qeyd etmək olar ki, Prezident İlham Əliyevin bu müsahibəsi sadəcə bir illik fəaliyyətin hesabatı deyil, həm də qüdrətli Azərbaycanın gələcək onilliklərini əhatə edən milli inkişaf doktrinasıdır. Dövlət başçısının qətiyyətli bəyanatları və elan etdiyi strateji prioritetlər bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük zəfərlərə, sarsılmaz sabitliyə və yüksək rifaha doğru inamla addımlayır. Bu çıxış həm dostlar, həm də rəqiblər üçün aydın bir mesajdır: Azərbaycan öz milli maraqlarını qorumağa və regionun taleyini müəyyən etməyə qadir olan, sarsılmaz iradəyə malik güclü dövlətdir.


Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Xəbəri paylaş: