Sülh dövrünün quruculuq fəlsəfəsi

img

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə, Azərbaycanın daxili siyasi həyatında açılan yeni bir səhifənin — mənəvi intibah və böyük quruculuq dövrünün manifestidir. Dövlət başçısı bu çıxışı ilə xalqa və dünyaya bəyan etdi ki, hərbi zəfərlərimizi qorumaq və dövləti daha da qüdrətli etmək üçün biz daxildə daha saf, daha savadlı və daha mütəşəkkil bir cəmiyyətə çevrilməliyik. Müsahibənin hər kəlməsi vətəndaş rifahından tutmuş dövlət aparatının təmizliyinə qədər uzanan geniş bir strateji xətti əhatə edir. Lakin bu mənəvi-siyasi intibahın sarsılmaz təməlində ilk növbədə ana dilimizin — Azərbaycan dilinin mütləq suverenliyi dayanır. Cənab Prezident dil məsələsini quru qrammatika çərçivəsindən çıxararaq, onu dövlətin varlıq şərti, milli təhlükəsizlik qalası kimi təqdim etdi: “Dil o amildir ki, milləti millət edir. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir. Lakin xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş... Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra... onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək”. Bu xəbərdarlıq sadəcə bir çağırış deyil; bu, dünyadakı 50 milyon azərbaycanlının mənəvi paytaxtı olan rəsmi Bakının milli kimliyi sığortalamaq iradəsidir. Daxili idarəetmədə isə kadr siyasətinə baxış bütün səmimiyyəti və qətiyyəti ilə ortaya qoyuldu. Dövlət məmurları üçün "toxunulmazlıq" mifinin bitdiyini və ictimai nəzarətin əsas meyar olduğunu vurğulayan dövlət başçısı, hər kəsi məsuliyyətə çağırdı: “Mən 22 ildir bu kürsüdəyəm, bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də pis təcrübə məndədir... Etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, ya da ki, inzibati qaydada cəzalandırılır”. Xüsusilə gənc kadrlar arasındakı neqativ hallara toxunan ölkə başçısı göstərdi ki, dövlət idarəçiliyi təkcə diplom deyil, ilk növbədə ailədən, məktəbdən və cəmiyyətdən gələn tərbiyə, vicdan və ləyaqət məsələsidir. Azərbaycanın gələcəyi həm də intellektual sıçrayışın gücü ilə ölçülür. “Qara qızıl”ı insan kapitalına çevirmək konsepsiyasını yeni bir mərhələyə daşıyan dövlət başçısı qeyd edir ki, inkişaf etmiş ölkələrin gücü neftlə-qazla deyil, zəka, ağıl və elmlə bağlıdır. Bu strateji baxışın ən mühüm qolu Azərbaycanın regional Süni İntellekt (AI) mərkəzinə çevrilmə hədəfidir: “Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir. Bu gün daxili məqsədlər üçün istifadə etmədiyimiz əlavə 2000 meqavat həcm varımızdır. Məlumat mərkəzlərinin çoxlu elektrik enerjisinə ehtiyacı var və bu imkanı olan yeganə ölkə Azərbaycandır”. Bu texnoloji inqilab paytaxtın nəqliyyat infrastrukturundan tutmuş, yeni metro stansiyalarına və modern su şəbəkələrinə qədər hər bir vətəndaşın həyatına toxunacaq real layihələrlə dəstəklənir. Sosial sahədə dövlətin siyasəti yenə də dəyişməz olaraq qalır: mərkəzdə Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Şəhid ailələrinə və qazilərə göstərilən qayğı isə artıq sadəcə bir yardım deyil, milli qeyrət və vətəndaşlıq borcu kimi səciyyələndirilir. 16 min şəhid ailəsinə və müharibə əlilinə mənzillərin verilməsi faktı Azərbaycanın bu sahədə dünyada analogiyası olmayan bir model yaratdığını sübut edir. Müsahibənin sonunda torpaq və vətən haqqında səslənən fikirlər isə bütöv bir xalqın ruhunu titrədən bir zirvədir. İndi torpaq artıq qaysaq tutmayan bir yara deyil; o, üzərində azad Azərbaycan dilində danışılan, quruculuq aparılan, müasir texnologiyaların tətbiq olunduğu müqəddəs bir vətəndir. Cənab Prezident İlham Əliyev bu çıxışı ilə bir daha təsdiq etdi ki, 21-ci əsrin Azərbaycanı həm texnoloji cəhətdən müasir, həm idarəetmədə şəffaf, həm də mənəviyyatca sarsılmaz olmalıdır. Bu, xalqın birliyinə və güclü dövlətçilik iradəsinə söykənən daxili inkişafın sarsılmaz yol xəritəsidir. 

İlqar Kərimov
 YAP Tovuz rayon təşkilatının sədr müavini

Xəbəri paylaş: