Prezidentin müsahibəsi ölkənin daxili və xarici siyasətində formalaşan yeni mərhələnin aydın təsviridir

img

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və əhatəli müsahibə ölkənin son bir ildə keçdiyi yolun, formalaşan yeni siyasi reallıqların və qarşıdakı dövr üçün müəyyən edilən strateji hədəflərin dolğun mənzərəsini ortaya qoydu. Dövlət başçısı müsahibə zamanı 2025-ci ilin yekunlarını dəyərləndirərək vurğuladı ki, ötən il Azərbaycan üçün təkcə təqvim baxımından deyil, tarixi məzmununa görə də xüsusi əhəmiyyət daşıyıb. Ermənistan–Azərbaycan münaqişəsinə siyasi baxımdan son qoyulması, sülh mərhələsinə keçid və bunun yaratdığı yeni imkanlar ölkənin daxili və xarici siyasətində əsas xətti təşkil edib. Prezident İlham Əliyev qeyd etdi ki, artıq Azərbaycan sülh şəraitində yaşayır və bu reallıq həm siyasi sabitlikdə, həm də iqtisadi göstəricilərdə özünü göstərməyə başlayıb. Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə əsas məqsəd yalnız təhlükəsizliyi qorumaq deyil, eyni zamanda sülhün verdiyi üstünlükləri maksimum dərəcədə reallaşdırmaqdır. Prezident vurğuladı ki, bu mərhələdə dövlət siyasəti inkişaf, əməkdaşlıq və milli maraqların qorunması prinsipləri üzərində qurulub. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutdu. O bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə artıq 70 minə yaxın insan yaşayır və bu rəqəm mərhələli şəkildə artacaq. Prezident qeyd etdi ki, infrastruktur layihələrinə böyük vəsait ayrılıb, enerji sistemləri yenidən qurulur, su təchizatı, yollar və körpülər tikilir. Məqsəd təkcə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək deyil, eyni zamanda bu regionları ölkənin yeni inkişaf mərkəzlərinə çevirməkdir. Hərbi sahədə güclənmə və təhlükəsizlik məsələlərinə toxunan Prezident bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan heç vaxt arxayınlaşmayıb. Əksinə, Silahlı Qüvvələrin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsünü xatırladaraq, bu əməkdaşlığın regional təhlükəsizlik üçün vacib olduğunu vurğuladı. Müdafiə sənayesində yeni mərhələnin başlandığını bildirən Prezident qeyd etdi ki, özəl sektor bu sahəyə cəlb olunub, istehsal genişlənib. Keçən il 1,4 milyard manatlıq hərbi məhsul istehsal edildiyini, ixracın isə qısamüddətli perspektivdə bir milyard dollara çatdırılmasının hədəf olduğunu açıqladı. Azərbaycan dilinin qorunması məsələsi Prezident tərəfindən milli kimliyin əsas sütunlarından biri kimi təqdim edildi. İlham Əliyev bildirdi ki, dil hər bir xalqın varlığının əsas göstəricisidir və Azərbaycan dilinin saf saxlanılması hər bir vətəndaşın borcudur. O, lazımsız xarici sözlərin istifadəsinə qarşı çıxaraq, ana dilinə hörmətin vacibliyini qeyd etdi. Dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını xatırladan Prezident onların da ana dilini mükəmməl bilməsi üçün onlayn məktəblər və digər təşəbbüslərin həyata keçirildiyini bildirdi. Müsahibənin sonunda Prezident İlham Əliyev Azərbaycanın güclü dövlət olduğunu, sülh şəraitində yaşamağın bəhrələrini gördüyünü, lakin hər zaman öz torpağını müdafiə etməyə hazır olduğunu bildirdi. O, xalqın birliyi, güclü iqtisadiyyat və möhkəm hərbi potensial sayəsində Azərbaycanın gələcəyə inamla baxdığını ifadə etdi. Prezidentin müsahibəsi ölkənin daxili və xarici siyasətində formalaşan yeni mərhələnin, strateji baxışın və uzunmüddətli inkişaf kursunun aydın təsviri kimi yadda qaldı.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: