Azərbaycan Prezidenti cənab İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin daxili və xarici siyasətində əsas istiqamətlərə, sosial-iqtisadi inkişaf prioritetlərinə, regional proseslərə və qarşıda duran strateji hədəflərə dair mühüm fikirlər səsləndirdi. Ölkə Prezidentinin yerli televiziya kanallarına müsahibəsində iqtisadiyyatın şaxələndirilməsi məsələsi xüsusi yer tutub. Qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması, kənd təsərrüfatına və sahibkarlığa dövlət dəstəyi ölkənin gələcək iqtisadi təhlükəsizliyinin əsas dayaqları kimi təqdim olunub. Diqqət çəkən məqam ondan ibarətdir ki, dövlət başçısı iqtisadi artımı qısa müddətli gəlirlərlə deyil, uzunmüddətli dayanıqlılıqla əlaqələndirir. Bu isə Azərbaycanın qlobal iqtisadi dalğalanmalara qarşı daha davamlı model qurduğunu göstərir. Ölkə Prezidentimizin geniş müsahibəsi bir daha dünya ictimaiyyətində dövlətimizin bugünkü qüdrəti və gələcək hədəfləri barədə aydın təsəvvür yaratdı. Regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış edən Azərbaycanın son illərdə keçdiyi yol da onu təsdiq edir ki, bu gün ölkəmiz tarixinin ən güclü dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsində ölkəmiz qüdrətli dövlətə çevrilib və yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləyir. Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanalları ilə keçirdiyi bu ənənəvi görüşlər, dövlət idarəçiliyinin şəffaflıq və hesabatlılıq modelini ortaya qoyur. Bu format ictimaiyyət üçün informasiya qaynağı olmaqla yanaşı, dövlətin strateji gündəmini formalaşdırmaq və cəmiyyətin prioritetləri ilə dövlət siyasətinin uzlaşmasını təmin etmək baxımından da mühüm rol oynayır. Prezident İlham Əliyevin bu görüşləri davam etdirməsi, Azərbaycanın ictimai-siyasi həyatında dialoqun və dövlət-cəmiyyət əlaqələrinin gücləndirilməsi istiqamətində atılmış sistemli addım kimi qiymətləndirilə bilər. Müsahibədə diqqət çəkən məqamlardan biri Azərbaycanın dünya gücləri və region dövlətləri ilə qarşılıqlı münasibətlərin inkişafı barədə rezonanslı fikirlərdir. Prezident çıxışında qeyd etdi ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində yeni bir dönəm kimi yadda qaldı və qarşılıqlı anlaşma səviyyəsində irəliləyişlər oldu. Strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq sahəsində Çin kimi nüfuzlu dövlətlərlə əlaqələr daha da dərinləşdi, sənaye, investisiya və texnologiya sahələrində əməkdaşlıq genişləndi. Müsahibə zamanı Prezident çıxışında ölkənin liberasiya olunmuş ərazilərinin birləşdirilməsi və kommunikasiya infrastrukturlarının genişləndirilməsi məsələsini xüsusi vurğuladı. O bildirdi ki, bölgələrarasında effektiv nəqliyyat əlaqələri ölkə iqtisadiyyatını daha da canlandıracaq və daxili bazarda yeni imkanlar yaradacaq. Bu istiqamətdə həyata keçirilən layihələr həm yerli investisiyaları cəlb edir, həm də regionların sosial-iqtisadi inkişafını sürətləndirir. Prezident həmçinin qeyd etdi ki, müasir dünyada hər bir dövlətin güclü müdafiə potensialı olmalıdır və Azərbaycan ordu quruculuğu və təhlükəsizlik məsələlərində davamlı islahatlar aparır. Bu, yalnız hərbi gücün artması deyil, həm də dövlətin suverenliyinin müdafiəsi baxımından strateji əhəmiyyətə malikdir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









