Xızı–Abşeron layihəsi bu baxımdan simvolik xarakter daşıyır. Bu obyekt Azərbaycanın təbii imkanlarının hələ tam istifadə olunmadığını göstərir. Külək resursları, coğrafi şərait və texniki potensial gələcək üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıdakı illərdə bərpaolunan enerji potensialımız çox artacaq. Bu artım təkcə statistika deyil, real enerji balansında dəyişiklik deməkdir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası yalnız enerji istehsal edən obyekt deyil. Bu, ekoloji məsuliyyətin, sosial yanaşmanın və gələcək nəsillərə hesablanmış strategiyanın konkret ifadəsidir. Atmosferə atılan tullantıların azalması, regionlarda məşğulluğun artması, enerji sisteminin diversifikasiyası – bütün bunlar layihənin görünən və görünməyən nəticələridir. Prezident İlham Əliyevin çıxışı bir məqamı da aydın şəkildə ortaya qoydu: Azərbaycan yaşıl enerjiyə keçidi şüar səviyyəsində saxlamır. Burada real layihələr, real sərmayələr və real nəticələr var. Xızı–Abşeron bu zəncirin mühüm halqalarından biridir. 8 yanvar 2026-cı il tarixində səslənən fikirlər və açılışı həyata keçirilən layihə göstərdi ki, Azərbaycan enerji siyasətində yeni mərhələyə daxil olub. Bu mərhələ daha çevik, daha dayanıqlı və gələcəyə hesablanmış model üzərində qurulur. Prezident İlham Əliyevin çıxışı isə bu yolun təsadüfi deyil, düşünülmüş və strateji seçim olduğunu təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında enerji ilə bağlı müxtəlif məqamlardan, bu sıradan bərpaolunan enerji növlərindən də söz açdı. Bu, Azərbaycanda enerji istehsalının şəbəkələri haqqında daha müfəssəl məlumat olmaqla, onun coğrafiyasının da ünvanlarının göstəricisi oldu. Dövlət başçımız dedi ki, “Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Xızı–Abşeron elektrik yarımstansiyasının istifadəyə verilməsi regionun enerji təminatında dayanıqlığın artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Xızı–Abşeron stansiyası müasir texnologiyalar əsasında inşa olunub və yüksək enerji ötürmə qabiliyyətinə malikdir. Eyni zamanda, bu stansiya Abşeron iqtisadi rayonunda artan enerji tələbatının qarşılanmasında, sənaye və qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









