Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər ölkəmizin beynəlxalq sistemdə artan rolunun, regional və qlobal proseslərə təsir imkanlarının göstəricisidir. Bu görüşlər həm də göstərir ki, Prezident İlham Əliyev Davos platforması çərçivəsində intensiv və çoxşaxəli diplomatik fəaliyyət həyata keçirir. Prezident İlham Əliyevin mütəmadi olaraq DİF-in illik toplantılarına dəvət olunması, ölkəmizin beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi, yeni dövrün çağırışları prosesində vacib aktor olduğunu sübut etməklə respublikamıza, aparılan məharətli diplomatiyaya olan güclü etibar və etimaddan xəbər verir. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq sistemdə baş verən struktur dəyişiklikləri və Azərbaycanın bu proseslərə verdiyi cavabı aydın şəkildə əks etdirir. Müsahibədə səsləndirilən fikirlərdən belə nəticə çıxır ki, beynəlxalq münasibətlər artıq normativ hüquq çərçivəsindən daha çox güc balansı, real imkanlar və milli maraqlar üzərində formalaşır.
Dövlət başçısının vurğuladığı əsas məqam ondan ibarətdir ki, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir şəraitdə hər bir dövlət öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün müstəqil qərarvermə qabiliyyətinə malik olmalıdır. Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir. Artıq qlobal platforma hesab olunan Forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir edir. Davos İqtisadi Forumunda Azərbaycan xalqının Liderinin yüksək səviyyədə iştirakı bir daha göstərdi ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir. Eyni zamanda, bu səfər Azərbaycanın enerji bazarında artan iştirakını və strateji əhəmiyyətini nümayiş etdirdi.
Prezident İlham Əliyevin Forum çərçivəsində müsahibə və panel müzakirə zamanı səsləndirdiyi fikirlər isə bir tərəfdən qlobal təhlükəsizlik arxitekturasının böhranını, digər tərəfdən isə Azərbaycanın sülh və humanizm dəyərlərinə sadiqliyini özündə ehtiva edir. Bu baxımdan dövlət başçımız öz çıxış və fikirlərində müasir dünya üçün ən ağrılı problem-məsələlərə toxunmaqla, beynəlxalq hüququn aşınması, beynəlxalq sülhün və humanitar dəyərlərin təşviqi kimi iki məqamı xüsusi vurğulayır.
Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









