2 Fevral Gənclər Günü müstəqil Azərbaycan tarixində mühüm bir mərhələ ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin I Forumu gənclər siyasətinin sistemli şəkildə formalaşmasının əsasını qoymuşdur. Məhz bu forumdan sonra gənclərlə bağlı dövlət siyasəti ardıcıl və məqsədyönlü xarakter almış, 1997-ci ildən etibarən 2 fevral rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan edilmişdir. Azərbaycan gəncliyi xüsusilə son illərdə tarixi sınaqlardan üzüağ çıxaraq öz vətənpərvərliyini, milli ruhunu və dövlətə sədaqətini nümayiş etdirmişdir. Vətən müharibəsi dövründə gənclər həm döyüş meydanında, həm də informasiya cəbhəsində böyük fədakarlıq göstərmiş, ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynamışlar. Bu, gəncliyin yalnız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsi olduğunu bir daha sübut etdi. Bu gün Azərbaycan gəncliyi elm, təhsil, idman, mədəniyyət və ictimai fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərlə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Gənclərin intellektual potensialı, texnoloji bilikləri və qlobal düşüncə tərzi milli dəyərlərlə vəhdət təşkil edərək yeni inkişaf mərhələsinin əsasını qoyur. Xüsusilə Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və yüksək vətənpərvərlik ruhu onların dövlətə və xalqa sədaqətinin parlaq nümunəsi oldu. Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Xüsusilə müstəqillik dövründə Azərbaycan gəncliyinin formalaşması, ölkənin gələcəyi üçün hazırlığı, milli vətənpərvərlik ruhunda tərbiyəsi Heydər Əliyevin dövlət idarəçiliyinin mühüm istiqamətlərindən birini təşkil edirdi. O, dəfələrlə vurğulayırdı ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir və gənclərə göstərilən qayğı əslində dövlətin gələcəyinə edilən sərmayədir. Ulu Öndərin gənclər siyasətində mühüm məqamlardan biri də Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi idi. O, dəfələrlə çıxışlarında gənclərə müraciət edərək bildirirdi ki, müasir dünyaya inteqrasiya edən Azərbaycan gənci eyni zamanda öz milli köklərinə, dilinə, mədəniyyətinə, tarixinə sadiq qalmalıdır. Bu məqsədlə gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması, milli-mənəvi dəyərlərin təbliği xüsusi diqqət mərkəzində saxlanılırdı.
Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialın yaradılmasına, onların dünyagörüşü və intelektual səviyyələırinin artırılmasına və vətənpərvərlik ruhunun artırılmasına xidmət edib. Dövlət başçısı cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Müharibə dövründə gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Vətən müharibəsindəki şanlı Zəfərin əldə olunmasında gənclərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









