Gələcəyin arxitekturasını quran Lider zəkası

img

Müasir dünya artıq sadəcə coğrafi sərhədlər və fiziki güclə deyil, rəqəmsal intellekt, məlumat mərkəzləri və süni zəkanın geniş imkanları ilə idarə olunur. Bu gün dövlətlərin qüdrəti onların neçə giqabaytlıq data idarə edə bilməsindən və rəqəmsal dünyada hansı çəkiyə malik olmasından birbaşa asılıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə, ölkəmizin bu qlobal yarışda təkcə iştirakçı deyil, həm də mərkəzi oyunçu olmaq iradəsini bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısı bəyan etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma sahəsindəki islahatlar faktiki olaraq ölkələrin gələcək inkişaf taleyini müəyyən edir. Bu baxımdan, Azərbaycanın gələcək inkişaf prioritetləri sırasında rəqəmsal transformasiya artıq ən ön cərgəyə keçib.


Azərbaycanın bu böyük hədəfə doğru gedən yolda bir çox sarsılmaz üstünlükləri var ki, bunların da başında ölkəmizin əvəzolunmaz coğrafi mövqeyi dayanır. Biz coğrafi vəziyyətimizi sadəcə xəritə üstünlüyü kimi deyil, ölkəmizin inkişafına xidmət edən strateji bir amilə çevirmişik. İndiyə qədər neft-qaz və nəqliyyat sahələrində qazandığımız böyük təcrübə, beynəlxalq şirkətlərlə qurduğumuz sıx əlaqələr indi fiber-optik dəhlizlərin yaradılması üçün möhkəm platformadır. Asiya ilə Avropa, Şimal ilə Cənub arasında yerləşən energetika dəhlizləri gələcəkdə həm də informasiya yollarına çevriləcək. Xəzər dənizinin Şərq sahilləri ilə bizi birləşdirəcək fiber-optik kabelin çəkilişi isə bu böyük zəncirin ən mühüm halqalarından biridir. Azərbaycan bu gün qlobal transmilli şirkətlərlə işləmək mədəniyyətinə malik olan, xarici sərmayələri qanunla və əməllə qoruyan nadir ölkələrdəndir ki, bu da rəqəmsal dünyanın nəhəngləri üçün ən cəlbedici şərtdir.


Süni intellekt və nəhəng data mərkəzlərinin yaradılması üçün ən başlıca ehtiyac – etibarlı enerji gücüdür. Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində son 20 il ərzində ölkəmizin generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb. Hazırda mövcud olan 2 min meqavatlıq istifadə edilməyən enerji ehtiyatı rəqəmsal sənayenin inkişafı üçün hazır "yanacaq" rolunu oynayır. Gələcəkdə bərpaolunan enerji layihələri hesabına bu güclərin daha da artması Azərbaycanı bölgədə rəqəmsal arxitekturanın əsas enerji mərkəzinə çevirəcək. Bu prosesdə qlobal maliyyə fondları ilə qurulan sıx əlaqələr və Amerika Birləşmiş Ştatları ilə imzalanmış tarixi Strateji Tərəfdaşlıq Xartiyası rəqəmsallaşma sahəsində bizə həm texnoloji, həm də maliyyə üstünlüyü qazandırır. Azərbaycan bu gün dünyanın aparıcı güc mərkəzləri olan ABŞ, Avropa İttifaqı və Çin ilə eyni anda yüksək səviyyəli strateji formatda çalışan nadir ölkələrdən biridir.


Daxili idarəetmədə isə cənab Prezidentin qoyduğu hədəf tamamilə aydındır: pərakəndəliyə son qoyulmalı, bütün dövlət xidmətləri vahid mərkəzdən – “mygov” platforması üzərindən həyata keçirilməlidir. Bu, həm vətəndaşın işini rahatlaşdıracaq, həm də dövlət idarəçiliyində şəffaflığı və operativliyi təmin edəcək. Hər bir nazirlikdə rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə xüsusi müavinlərin təyin edilməsi bu sahənin dövlət üçün prioritet olduğunun rəsmi təsdiqidir. Eyni zamanda, süni intellekt agentlərinin dövlət məmurlarının gündəlik fəaliyyətinə yardımçı olması qərarların qəbulunda xətanı minimuma endirən müasir bir yanaşmadır. Bütün bu böyük işlərin təməlində isə kadr hazırlığı dayanır. Orta məktəblərdən ali təhsil müəssisələrinə qədər tədris proqramlarının yenilənməsi Azərbaycanın intellektual gələcəyini təmin edən başlıca vəzifədir.


Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi "Rəqəmsal Azərbaycan" vizyonu ölkəmizi xammal iqtisadiyyatından yüksək texnologiyalar iqtisadiyyatına keçidini təmin edən bir zəfər yoludur. Bu yol bizi təkcə regionun lideri deyil, həm də dünyanın rəqəmsal xəritəsində əvəzolunmaz bir mərkəzə çevirəcəkdir.


İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Xəbəri paylaş: