Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası diplomatik hadisədən daha artıq məna daşıdı. Bu, ilk olaraq siyasi iradənin nümayişi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə baş tutan görüş iki dövlətin gələcək kursunu sistemli və institusional əsaslara bağladı. Serbiya və Azərbaycan dost ölkələrdir. İki ölkə arasında çox yüksək səviyyəli siyasi təmaslar və qarşılıqlı əməkdaşlıq mövcuddur. Ölkələrimizin həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanmaq perspektivləri vardır.
Azərbaycan-Serbiya əlaqələri təkcə energetika sahəsini əhatə etməyəcək. Kənd təsərrüfatı, turizm kimi sahələrdə də sıx əməkdaşlıq həyata keçiriləcək ki, bu da iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və iqtisadi münasibətlərin daha da sürətlə inkişafına gətirib çıxaracaq. Ölkəmiz Serbiyaya kənd təsərrüfatı məhsulları ixrac edəcək. Bu isə öz növbəsində ölkəmizin ixrac imkanlarının daha da artmasına səbəb olacaq. Gəlcəkdə ixrac daha da artacaq və çoxşaxəli olacaq. Ölkə Prezidenti Serbiya xalqının hər zaman öz dövlət suverenliyinin qorunması uğrunda böyük səylər göstərdiyini vurğulamış, Serbiyanın inkişafında Prezident Aleksandar Vučić-in liderlik keyfiyyətlərini xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, təbii sərvətləri məhdud olan Serbiya həyata keçirilən islahatlar nəticəsində iqtisadi və sosial sahədə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq müstəvidə nüfuzunu artırmışdır.
Səfər çərçivəsində Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclası keçirilmişdir. İclasda siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və energetika sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
İki ölkə arasında ticarət dövriyyəsinin artması, birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiyaların təşviqi istiqamətində konkret addımlar atılması münasibətlərin yüksələn xətt üzrə inkişafına daha da təkan verəcəkdir. Prezident İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi əlaqələrin yeni vizyonunu müəyyən etməklə mühüm hüquqi bazanın yaradılması kimi səciyyələndirilə bilər. Bu sənədlər siyasi, iqtisadi, sosial həyatın bütün sahələrində münasibətləri yaxşılaşdırmaq üçün möhkəm zəmin rolunu oynayacaq. Ümumilikdə, əvvəlki sənədlər və yeni imzalanmış anlaşma memorandumları müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









