Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan ərazisinə İran tərəfindən həyata keçirilmiş dronlarla hücum regionda təhlükəsizliyə və sabitliyə açıq təhdid yaratmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Naxçıvanın mülki infrastrukturunun, o cümlədən strateji əhəmiyyət daşıyan hava limanının və məktəbin hədəf alınması İran tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat, düşmənçilik və terror aktıdır. İranın bu təxribatı həm hərbi-hüquqi baxımdan, həm də siyasi və mənəvi baxımdan qəbuledilməzdir. Bu hücumları ən sərt şəkildə qınayır və qətiyyətlə pisləyirik.
Azərbaycanın xarici siyasətində qonşularla əlaqələrin inkişafı prioritetdir. Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb. Dövlətimiz hər zaman qonşu ölkələrlə münasibətlərində qarşılıqlı hörmət prinsiplərinə xüsusi önəm verir. ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və deyərdim ki, bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, o cümlədən Xarici işlər naziri Ceyhun Bayramovun müharibənin başladığı gün iranlı həmkarı Abbas Araqçiyə zəng edərək məsələnin dinc yolla və beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirməsi və Azərbaycanın ərazisindən İrana qarşı heç vaxt istifadə edilməsinə yol verilməyəcəyinə zəmanət verməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını və iç üzünü ortaya qoydu. Sülh, bərabərlik, əmin-amanlıq və birgəyaşayış dini olan İslamı bütün dünyada gözdən düşürən, ona ləkə olan bu rejimin ərazimizə dron hücumu terrordur. Ölkəmiz regionda sabitliyin və sülhün qorunmasının tərəfdarıdır və dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını vacib hesab edir.
Bununla belə, Azərbaycan xalqı və dövləti hər zaman öz milli maraqlarını və təhlükəsizliyini qorumaq əzmində və iqtidarındadır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövləti istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu çirkin və qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq. Azərbaycana qarşı törədilən bu hücumdan dərhal sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını çağıraraq İranın bu təxribatını Azərbaycan dövlətinə qarşı terror aktı və namərd hücumu kimi qiymətləndirməsi, İran rəsmilərindən rəsmi izahat və üzr tələb etməsi, bu terroru törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəməsi və Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verməsi regionda yeni siyasi reallıq yaratdı. İndiyə qədər İranın bu cür təxribatlarına bəzi dövlətlərin ehtiyatlı, bəzən isə zəif reaksiyalar verməsi molla rejimini daha da cəsarətləndirirdi. Prezident İlham Əliyev isə bu təhlükəli stereotipi qıraraq açıq mesaj verdi: “Azərbaycan öz təhlükəsizliyinə qarşı yönələn heç bir təhdidi cavabsız qoymayacaq və dövlətimizin gücünü sınamaq istəyənlər bunun ağır nəticələrinə hazır olmalıdırlar.” Düşmən bilməlidir ki, xalq hər zaman dövlətinin, ordusunun və Ali Baş Komandanın yanındadır və bu kimi alçaq hücumlara qarşı səfərbər olmağa hazırdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov









