Beynəlxalq Qadınlar Gününün tarixi XIX əsrin sonu və XX əsrin əvvəllərinə təsadüf edir. Bu günün yaranması qadınların əmək hüquqları, sosial bərabərlik və seçki hüquqları uğrunda apardıqları mübarizələrlə bağlıdır. Zaman keçdikcə 8 Mart yalnız hüquq və bərabərlik simvolu olmaqla kifayətlənməyərək, eyni zamanda qadınlara hörmət və ehtiramın ifadə olunduğu bir bayrama çevrilmişdir. Bu gün qadınların nailiyyətləri, onların cəmiyyətə verdiyi töhfələr xüsusi vurğulanır. Azərbaycan cəmiyyətində qadınlara hər zaman böyük hörmət və ehtiram göstərilmişdir. Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlara göstərilən diqqət və qayğı onların cəmiyyətdəki rolunun yüksək qiymətləndirildiyini göstərir. Bu gün qadınlara sevgi, hörmət və minnətdarlıq ifadə olunur. Ailələrin xoşbəxtliyi, cəmiyyətin inkişafı və gələcək nəsillərin sağlam yetişməsi qadınların fədakar əməyi ilə sıx bağlıdır.
8 Mart təkcə bayram deyil, həm də qadınların cəmiyyət həyatındakı əvəzsiz rolunu xatırladan xüsusi bir gündür. Bu gün hər kəs qadınların zəhmətini, onların ailə və cəmiyyət qarşısındakı xidmətlərini böyük ehtiramla yad edir. Qadınların cəmiyyətdəki mövqeyi nə qədər güclü olarsa, dövlətin və xalqın inkişafı da bir o qədər möhkəm olar. Bu gün həm də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan gender bərabərliyinin, qadın iştirakçılığının və siyasi inklüzivliyin nəticələrinin qiymətləndirilməsi üçün mühüm platformadır. Azərbaycan modeli göstərir ki, qadın siyasəti ayrıca sosial layihə deyil, milli dövlət quruculuğunun ayrılmaz komponentidir. Qadının siyasi sistemdə rolu cəmiyyətin demokratikləşmə səviyyəsinin, institusional yetkinliyinin və idarəetmə keyfiyyətinin göstəricisidir. Azərbaycanın tarixi yaddaşında qadın yalnız ailə institutunun dayağı deyil, həm də dövlətçilik ənənələrinin iştirakçısı kimi çıxış etmişdir.
Qadının siyasi, iqtisadi və ictimai həyatda iştirakı milli təhlükəsizlik, sosial sabitlik və davamlı inkişaf anlayışları ilə birbaşa bağlıdır. 8 Mart münasibətilə Azərbaycan qadınına ünvanlanan təbriklər eyni zamanda dövlətin gender bərabərliyi kursuna sadiqliyinin təsdiqidir. Azərbaycan qadını bu gün yalnız ailənin deyil, siyasi sistemin, iqtisadi modernləşmənin və milli ideologiyanın aktiv daşıyıcısıdır. Güclü dövlət modeli güclü qadın modelindən keçir. Bu model artıq Azərbaycanın siyasi reallığıdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan qadınına hər zaman xüsusi diqqət və qayğı vardır. 8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunması və hər il bayram günü ərəfəsində dövlət başçısının 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlaması, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verməsi, digər bir qrupunun isə orden və ya medallarla təltif edilməsi məhz Azərbaycan qadınına olan xüsusi diqqətin əyani təzahürüdür.
Azərbaycan qadını tarix boyu yalnız ailə dəyərlərinin qoruyucusu kimi deyil, həm də cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutan bir vətəndaş kimi tanınmışdır. Bu gün də ölkəmizdə qadınlar dövlət quruculuğu prosesində, ictimai təşəbbüslərdə, sosial layihələrdə və qanunvericilik fəaliyyətində aktiv iştirak edirlər. Fəal vətəndaşlıq mövqeyi sərgiləyən Azərbaycan qadını müasir cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Fəal vətəndaşlıq mövqeyi dedikdə insanın dövlətin və cəmiyyətin həyatında könüllü, şüurlu və məsuliyyətli şəkildə iştirak etməsi nəzərdə tutulur. Azərbaycan qadını bu baxımdan həm sosial təşəbbüslərdə, həm xeyriyyəçilik fəaliyyətində, həm də ictimai nəzarət mexanizmlərində fəallıq nümayiş etdirir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









