Martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları təkcə enerji sahəsinə aid texniki müzakirə platforması deyil, həm də mühüm siyasi-iqtisadi mesajların verildiyi beynəlxalq tribuna idi. İclasda çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin yeni genişlənmə, şaxələndirmə və institusional möhkəmlənmə mərhələsini xarakterizə etdi. Cənub Qaz Dəhlizi artıq 12 ildir ki, regionun enerji arxitekturasının əsas dayaqlarından biridir. Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükünü nəzərdə tutan Qara dəniz enerji kabeli layihəsini regional və milli enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından vacib hesab edilməlidir. Qara dəniz sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq. Azərbaycan alternativ enerji mənbələrinə, külək, günəş və hidroenerji layihələrinə investisiyaları genişləndirir. Prezident çıxışı zamanı qeyd etdi ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi istehsal ediləcək, bu da həm daxili, həm də ixrac tələbatı üçün enerji potensialından istifadəyə imkan verəcək. Ölkəmizin başçısı həmçinin ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq enerji, süni intellekt və digər sahələrdə əməkdaşlıq, eləcə də Ermənistanın işğalından azad edilmiş ərazilərdə hidroenerji layihələrinin inkişafına da toxunaraq, bu istiqamətdə konkret layihələrin həyata keçirilməsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini söylədi.
Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər həm ölkəmizin, həm iştirakçı, həm də əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan dövlətlərin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Son illər dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərə, çıxışlara diqqət yetirsək görərik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanlar əsaslı şəkildə diqqətə çatdırılır, bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasında qeyd edilir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı mövcuddur. Azərbaycan Avropanın enerji təchizatında yeni səhifə açır. Hər dövrün öz çağırışları vardır. Artıq beş ildən çoxdur ki, tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqları yaşayırıq. Bu torpaqların malik olduqları potensialdan gələcəkdə səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqləndi. Böyük Qayıdış Proqramı tam tərkibdə reallığa çevrildikdən sonra Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji məkanı kimi dünyanın diqqətində olacaq, böyük investisiyalar məkanına çevriləcək. Dövlətimizin başçısının strateji baxışı çərçivəsində Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir.
Enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri, keçirilən beynəlxalq əhəmiyyətli, tərəfdaşlar arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən beynəlxalq tədbirlər Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Bununla da Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş kimi qəbul edilir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









