Müasir dünya nizamının yenidən formalaşdığı, qlobal təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Azərbaycanın beynəlxalq arenadakı çəkisi təkcə coğrafi mövqeyi ilə deyil, həm də cənab Prezident İlham Əliyevin yürütdüyü müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu ilə müəyyən olunur. Azərbaycan artıq sadəcə resurs ixrac edən ölkə deyil; o, regionun və Avropanın tale yüklü məsələlərində həlledici söz sahibi olan, etibarlı tərəfdaş imicini ən yüksək səviyyədə təsdiqləmiş qlobal güc mərkəzidir. Dövlət başçısının ən böyük strateji uğurlarından biri ölkəmizin iqtisadi potensialını, xüsusilə enerji resurslarını Azərbaycanın geostrateji hədəfləri ilə məharətlə uyğunlaşdırması, iqtisadi qüdrəti milli təhlükəsizliyin və xarici siyasətin sarsılmaz qalasına çevirməsidir.
Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasları bu böyük uzaqgörənliyin növbəti təntənəsi oldu. Cənab Prezidentin çıxışında vurğuladığı kimi, on iki il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə hərəkət etməyin və enerji təhlükəsizliyi məsələlərini müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi dünya daha aydın anlayır. Azərbaycanın iradəsi ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi bu gün sadəcə boru kəmərləri toplusu deyil, qitələri birləşdirən enerji və tərəfdaşlıq körpüsüdür. Bu gün Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerə yüksəlib. İstehlakçı ölkələrin sayının 16-ya çatması dövlət başçısının qlobal enerji xəritəsini yenidən cızmaq qətiyyətinin göstəricisidir. İndi Azərbaycan qazı təkcə regiona deyil, Avropanın mərkəzi nöqtələrinə – Almaniya və Avstriyaya qədər uzanır. Xüsusilə Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünə başlanılması Azərbaycanın xarici siyasətinin mənəvi və humanitar mahiyyətini bir daha nümayiş etdirdi.
Lakin Azərbaycanın enerji diplomatiyası təkcə karbohidrogen ehtiyatları ilə məhdudlaşmır. Dövlətimiz bu gün dünya iqtisadiyyatının ən müasir trendlərini sadəcə təqib etmir, həm də "Yaşıl artım" ölkəsinə çevrilmək yolunda dünyaya praqmatizm və realizm dərsi keçir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın yaşıl gündəliyi artıq real və icra olunan nəhəng layihələrdən ibarətdir. 2032-ci ilə qədər alternativ mənbələrdən 6-8 giqavat elektrik enerjisi əldə etmək hədəfimiz süni intellekt və data mərkəzləri kimi müasir sənaye sahələrinin gələcək təhlükəsizliyi deməkdir. Bu yolun ən qürurverici hissəsi isə işğaldan azad edilmiş ərazilərimizlə bağlıdır. Ermənistanın 30 illik işğalından azad edilmiş torpaqlarımızda artıq 307 meqavat gücündə hidroelektrik stansiyalar sistemimizə qoşulub. Qarabağ və Şərqi Zəngəzurun suları, günəşi və küləyi indi Azərbaycanın ümumi enerji sisteminə yeni, təmiz güc qatır.
Azərbaycanın yaşıl enerji diplomatiyası həm də qitələri birləşdirən "enerji körpülləri" üzərində qurulub. Qara dənizin dibi ilə Avropaya uzanan və Mərkəzi Asiyadan ölkəmizə gələn enerji kabelləri layihələri Azərbaycanı Avrasiyanın yaşıl enerji qovşağına çevirir. Dünyanın ən qüdrətli dövləti olan ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu planların reallaşması üçün sarsılmaz bir beynəlxalq zəmin yaradır. COP29-a ev sahibliyi ərəfəsində Azərbaycan dünyaya sübut edir ki, biz xəyallarla yox, real addımlarla planetin təmiz gələcəyinə xidmət edirik. Cənab Prezidentin vurğuladığı kimi, qazıntı yanacağı ilə bərpaolunan enerjinin vəhdəti Azərbaycanın dünyaya təklif etdiyi ən uğurlu inkişaf modelidir. Bu uğur hekayəsinin memarı isə iqtisadi gücü dövlətin siyasi nüfuzuna çevirməyi bacaran cənab Prezident İlham Əliyevdir.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini









