Azərbaycan qadını mənəviyyatın təcəssümü, dövlətçiliyİn sarsılmaz dayağıdır

img

Qadın – bəşəriyyətin varlıq səbəbi, həyatın özü və ilham qaynağıdır. O, hər şeydən əvvəl müqəddəs ana, vəfalı həyat yoldaşı, ailənin sarsılmaz dayağı və cəmiyyətin mənəvi sütunudur. Dünyanın bütün gözəllikləri qadın zərifliyi və mərhəməti ilə rənglənir. Azərbaycan cəmiyyətində isə qadın təkcə ocağın keşikçisi deyil, həm də xalqın namusu, qeyrəti və dövlətçilik ənənələrimizin ən etibarlı qoruyucusudur. Məhz bu ali duyğularla qarşıladığımız 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə qadın şəxsiyyətinə verilən yüksək dövlət dəyərinin və sonsuz ehtiramın rəmzi təzahürüdür.


Tarixin bütün dövrlərində Azərbaycan qadını həm Vətən müdafiəsində, həm də siyasi quruculuq sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. "Kitabi-Dədə Qorqud" dastanındakı savaş meydanlarından başlayaraq, Möminə Xatun, Sara Xatun, Nüşabə və Tomris kimi lider qadınlarımızın, Nigar, Həcər və Tutu Bikə kimi rəşadət rəmzlərimizin adları bu qəhrəmanlıq salnaməsinin sarsılmaz sütunlarıdır. Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi isə xalqımızın intellektual potensialının və demokratik dəyərlərə verdiyi önəmin dünyada ən bariz təntənəsidir. Müasir Azərbaycan qadını keçmişin unudulmaz səhifələrindəki möhkəm iradənin, ağbirçək analarımızın müdrikliyinin və yüksək ləyaqətin daşıyıcısı kimi bu gün də xalqa və dövlətə fədakarlıqla xidmət edir.


Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmış, onların ictimai-siyasi həyatda önə çəkilməsi üçün geniş meydan açmışdır. Bu gün həmin uzaqgörən siyasət cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilir. Qadın hüquqlarının müdafiəsi və 2026-2028-ci illəri əhatə edən yeni Milli Fəaliyyət Planının təsdiqi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan qadınının müasir siması və dünyadakı "yumşaq güc" rəmzi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar layihələr və texnoloji innovasiyalar isə Azərbaycan xanımının həm mərhəmət, həm də tərəqqi elçisi olduğunu sübut edir.

Bu gün qadınlarımız təkcə mülki sahələrdə deyil, həm də ordu quruculuğunda şərəflə xidmət edir, parlamentdə və sahibkarlıqda ölkəmizin tərəqqisinə danılmaz töhfələr verirlər. Bütün bu nailiyyətlərin fonunda vurğulamaq yerinə düşərdi ki, Azərbaycan qadını öz nəcabəti ilə həm milli dəyərlərimizin keşikçisi, həm də dövlətimizin sarsılmaz dayaqlarından biridir.


Bu əziz bayram ərəfəsində başda şəhid anaları və xanımları olmaqla, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, çöhrənizdən gülüş, qəlbinizdən fərəh heç zaman əskik olmasın. Hər birinizə ailə səadəti, can sağlığı və tükənməz yaradıcılıq enerjisi arzulayıram. Qoy baharın bu təravəti ömrünüzə hər zaman işıq saçsın. Bayramınız mübarək olsun, ey zəriflik və fədakarlıq timsalı olan Azərbaycan xanımları!


İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Xəbəri paylaş: