Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi xidmət orqanları ilə böyük şəbəkəsi var. Dünyanın 160 milli kibertəhlükəsizlik mərkəzləri ilə əlaqə nöqtəmiz mövcuddur. Budapeşt Konvensiyası çərçivəsində 24/7 əlaqə kanalımız var və biz kibercinayətkarlığın araşdırılması istiqamətində tədbirlər görürük.
Rezonans.az xəbər verir ki, bunu DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.
D.Rüstəmov fikirlərinə belə davam edib: “Eyni zamanda, BMT-nin yeni qəbul olunmuş və Azərbaycanın ilk ratifikasiya etdiyi beynəlxalq sənədin - Kibercinayətkarlığa qarşı Konvensiyanın üzərində də işlər gedir. Bununla yanaşı, DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb. Kibertəhqiqatın təhqiqat və kibertədqiqat hissələri tandemdə çalışacaq. Bu fəaliyyət nəticəsində xüsusilə APT kimi ciddi kibertəhdidlərə qarşı mübarizədə ciddi irəliləyişlər əldə olunmasını hədəfləmişik”.










