01 iyun 2026-cı il tarixində Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, enerji resurslarından əldə olunan gəlirlərin səmərəli idarə olunması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, qlobal və regional layihələrdə fəal iştirakına, eləcə də beynəlxalq müstəvidə qəbul edilən qərarların icrasında etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb. Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır. Bakı Enerji Həftəsi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoymaqla, əldə olunan nailiyyətlərin, enerji diplomatiyasının uğurlarının və gələcək inkişaf perspektivlərinin təqdim olunduğu mühüm beynəlxalq platforma olaraq öz əhəmiyyətini qoruyub saxlayır.
Burada özəl şirkətlərin ənənəvi və alternativ enerji mənbələrindən səmərəli idarə olunması üçün təşkil olunmuş sərgilərdə təmsil olunması, bu sahədə yeniliklərin, qarşılıqlı uğurlu layihələrin təqdimatlarının hər bir iştirakçı tərəf üçün əlavə yeni-yeni imkanlar yaradacağını əminliklə söyləməyə əsas verir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən mötəbər tədbirlərin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq olduqca mühüm bir reallığı diqqətə çatdırmışdır. Dövlət Başçısı haqlı olaraq vurğuladı ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlər əsassız olaraq qarayaxma obyektinə çevrilir, planetin dağıdılmasında ittiham olunurdular. Lakin dünya faydalı qazıntı olmadan yaşaya bilməz.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqın rifahının yüksəldilməsində və yaşıl gündəlik məsələlərində çox bariz bir nümunə ortaya qoymuşdur. Müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycan bu gün həm də yaşıl enerji keçidinin ön sıralarında qərarlaşıb. Ənənəvi enerji növlərindən qazanılan iqtisadi güc indi bərpaolunan enerji mənbələrinin yaradılmasına və ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldilir. Ölkəmiz beynəlxalq investisiyalara tam açıq olmaqla yanaşı, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizəyə öz praktiki töhfəsini verir. Bu yanaşma sübut edir ki, əsl uğur birtərəfli ideoloji şüarlarla deyil, praqmatik, real hədəflərə söykənən və gələcəyi düzgün planlaşdıran strategiya ilə qazanılır. Bakı Enerji Həftəsində bəyan edildiyi kimi, milli maraqlara əsaslanan müdrik siyasət və beynəlxalq tərəfdaşlıq ölkəmizin dayanıqlı gələcəyinin əsas qarantıdır.
Enerji siyasətinin uğurlarından danışarkən təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli idarə olunması xüsusi qeyd edilməlidir. Son illərdə enerji layihələrindən əldə olunan vəsaitlər iqtisadiyyatın inkişafına, infrastrukturun yenilənməsinə, sosial rifahın yüksəldilməsinə və müdafiə potensialının gücləndirilməsinə yönəldilib. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, enerji gəlirləri hesabına güclü iqtisadi baza yaradılıb və bu baza müasir dövlət quruculuğunun mühüm dayağına çevrilib. Məhz bu imkanlar nəticəsində müasir ordu formalaşdırılıb, müdafiə qabiliyyəti gücləndirilib və ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi nailiyyət əldə edilib.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









