MDU-da Elektron Sənəd Dövriyyəsi Sisteminə tam keçid təmin edilib

img

Azərbaycan Respublikası Prezidentinin dövlət qurumlarında elektron idarəetmə və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrası istiqamətində Mingəçevir Dövlət Universitetində elektron sənəd dövriyyəsi sisteminə tam şəkildə keçid edilib.

Rezonans.az xəbər verir ki, universitetdə sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması və bu innovativ sistemin uğurla fəaliyyət göstərməsi məqsədilə aidiyyəti struktur bölmələrin əməkdaşları üçün hibrid (onlayn və canlı) formatda genişmiqyaslı təlimlər keçirilib. Sözügedən təlimlər elektron sənəd dövriyyəsi sisteminin tətbiqini icra edən "AİST Group" şirkəti və universitetin Rəqəmsal İnkişaf və İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Elçin Tağıyev tərəfindən müştərək şəkildə təşkil olunub.

Təlim proqramı çərçivəsində iştirakçılar elektron sənəd dövriyyəsi sisteminin funksional imkanları, sənədlərin rəqəmsal qeydiyyatı, icrası, nəzarəti və sənəd marşrutlarının idarə olunması üzrə zəruri nəzəri və praktiki biliklərə yiyələniblər.

Növbəti mərhələ: Qazanılmış rəqəmsal təcrübənin universitet daxilində tam mənimsənilməsini təmin etmək üçün "AİST Group" və Rəqəmsal İnkişaf və İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən digər əməkdaşlara yönəlik daxili məlumatlandırma görüşlərinin keçirilməsi təmin olunur. Bu görüşlərdə sənədlərlə iş prosesinin optimallaşdırılması və icra intizamının gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Elektron sənəd dövriyyəsi sisteminə keçid MDU-da rəqəmsal transformasiya prosesinin mühüm mərhələsi olmaqla, universitet daxili idarəetmənin səmərəliliyinin artırılmasına, kağız dövriyyəsinin minimuma endirilməsinə və müasir idarəetmə mexanizmlərinin tam formalaşdırılmasına mühüm töhfə verib.

Xəbəri paylaş: