"Bu gün mediasiya sistemində yüzdən artıq vəkil fəaliyyət göstərir və onların peşəkarlığı, təcrübəsi və dəstəyi nəticəsində mediasiya artıq cəmiyyət tərəfindən qəbul olunan bir instituta çevrilib".
Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.
Onun sözlərinə görə, hazırda mediasiya əsasən ailə, əmək və mülki mübahisələrə baxsa da, fəaliyyət dairəsi getdikcə genişlənir:
"Hüquq-mühafizə orqanları ilə əməkdaşlığımız da uğurla davam edir. Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq nəticəsində ictimai təhlükəsi böyük olmayan bəzi işlər üzrə barışıq mexanizmləri tətbiq edilir".
N.Adilov söyləyib ki, eyni zamanda probasiya sahəsində də ilk uğurlu nəticələr əldə olunub: "Mediasiya nəticəsində bağlanmış barışıq sazişlərinin hüquqi nəticələri artıq məhkəmə təcrübəsində öz əksini tapmağa başlayır. Bu prosesdə vəkillərin rolu son dərəcə vacibdir. Sizlərin peşəkarlığı və dəstəyi hüquqi praktikanın, məhkəmə təcrübəsinin və mediasiya mədəniyyətinin formalaşmasına ciddi töhfə verir".










