15 İyun Milli Qurtuluş Günü yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə inamın rəmzidir

img

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında, ölkədə sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynamışdır. Milli Qurtuluş Günü xalqımızın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış, Azərbaycanı parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas edən tarixi dönüş nöqtəsidir. 

Bu şanlı tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Milli Qurtuluş Günü xalqımızın öz xilaskar liderinə olan etimadının, milli birliyinin və dövlətçilik ənənələrinə sədaqətinin təntənəsidir. Azərbaycanın bugünkü uğurlarının təməlində məhz 15 İyun 1993-cü ildə başlanan qurtuluş yolu dayanır. Buna görə də 15 İyun tariximizin ən şərəfli və unudulmaz səhifələrindən biri kimi daim ehtiramla yad edilir. Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirməsi ölkəmizin davamlı inkişafına, iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə xidmət edib. Həyata keçirilən düşünülmüş siyasət və düzgün strategiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz təmin edilib. XX əsrin sonlarında Azərbaycan yenidən müstəqillik qazansa da, ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Dövlət idarəçiliyində ciddi problemlər mövcud idi, iqtisadi böhran dərinləşmişdi, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuşdu. Həmin dövrdə ölkədə hakimiyyət böhranı yaşanır, müxtəlif silahlı qruplar arasında qarşıdurmalar baş verir, vətəndaş müharibəsi təhlükəsi getdikcə artırdı. Azərbaycan dövlətçiliyi real təhlükə ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb şəraitdə xalqın yeganə ümid yeri böyük dövlət xadimi Heydər Əliyev oldu. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev ölkənin xilası naminə xalqın çağırışına cavab verdi və 1993-cü ilin iyun ayında Bakıya gəldi. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə ölkənin həyatında yeni mərhələ başlandı. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə yazıldı. Milli Qurtuluş Azərbaycanın hüquqi dövlət quruculuğunun da başlanğıcı oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkədə demokratik institutların formalaşmasına və insan hüquqlarının təmin olunmasına mühüm töhfə verdi. Məhkəmə-hüquq islahatları həyata keçirildi, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün əlverişli şərait yaradıldı. Milli Qurtuluş Günü eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirildiyi tarixdir. Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizin əldə etdiyi nailiyyətlər, beynəlxalq nüfuzunun artması, iqtisadi və sosial inkişaf göstəriciləri bu siyasətin uğurlu nəticələridir. 15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bu gün müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin xilası və sabit inkişaf yolunun başlanğıcı kimi tariximizə qızıl hərflərlə yazılmışdır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini daim yüksək qiymətləndirir və onun ideyalarına sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi naminə fəaliyyət göstərir.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: