Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” məhz bu tarixi yaxınlığın və qardaşlığın siyasi-hüquqi ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra Qarabağın mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu sənəd yalnız iki dövlət arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirməmiş, eyni zamanda regionda formalaşan yeni geosiyasi reallıqların mühüm siyasi manifestinə çevrilmişdir. Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında münasibətləri deyil, həm də regionun geosiyasi mənzərəsini formalaşdıran mühüm sənəd kimi qiymətləndirilir. Şuşa Bəyannaməsi eyni zamanda dünyaya göstərdi ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində regionda yeni reallıqlar yaradıb və bu reallıqlar artıq beynəlxalq münasibətlər sistemində qəbul olunur. Şuşada imzalanan müttəfiqlik sənədi Azərbaycanın güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirmiş, Türkiyənin isə regionda etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmişdir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla yanaşı qardaşlığın yeni tarixi mərhələsidir. Bu Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Bu gün, Şuşa Bəyannaməsinin imzalanmasından beş il sonra, sənədin əhəmiyyəti daha aydın görünür. Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm amillərindən biri olaraq qalır. Şuşada atılan bu tarixi addım iki qardaş xalqın birliyinin və həmrəyliyinin gələcək nəsillərə ötürüləcək mühüm siyasi irsidir. “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan bu müttəfiqlik əlaqələri gələcək illərdə də regionun inkişafına və xalqların rifahına töhfə verməyə davam edəcək. Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyəti onun yalnız ikitərəfli münasibətləri əhatə etməsi ilə məhdudlaşmır. Sənəd regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı mühüm rol, həmçinin beynəlxalq təhlükəsizlik məsələlərinə töhfəsi bu müttəfiqliyin regional və qlobal əhəmiyyətini daha da artırır. Şuşa Bəyannaməsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məsələləri də xüsusi yer tutur. Türkiyə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində fəal iştirakı qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin daha bir nümunəsidir. Bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına və bölgənin iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









