Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır

img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri təkcə iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Türk dünyasının siyasi həmrəyliyinin və inteqrasiya proseslərinin dərinləşməsi baxımından mühüm tarixi hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri müasir dövrdə Azərbaycanın xarici siyasət kursunun mahiyyətini aydın şəkildə ifadə edir. Müttəfiqlik yalnız siyasi bəyanat deyil, qarşılıqlı etimad, ortaq maraqlar və gələcəyə hesablanmış strateji əməkdaşlıq deməkdir. Bu gün Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyən, regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verən, iqtisadi və humanitar sahələrdə ortaq maraqları bölüşən etibarlı tərəfdaşlardır. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək siyasi dialoqdan iqtisadi əməkdaşlığa, humanitar əlaqələrdən regional təşəbbüslərə qədər geniş spektri əhatə edən strateji tərəfdaşlığa çevrilib. Ortaq tarix, türk dünyasına mənsubluq, qarşılıqlı etimad və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır.

Mövcud geosiyasi şəraitdə Azərbaycan və Qırğızıstanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz layihəsinin əhəmiyyətinin artması hər iki ölkənin nəqliyyat-logistika sahəsində tərəfdaşlığını daha da aktuallaşdırır. Bu marşrut Avropa ilə Asiya arasında etibarlı və sürətli yükdaşımaların təmin edilməsində mühüm rol oynayır. Qırğızıstanın bu proseslərdə fəal iştirakı regionda iqtisadi inteqrasiyanın genişlənməsinə xidmət edir. Azərbaycan və Qırğızıstan münasibətləri təkcə dostluq prinsiplərinə deyil, eyni zamanda qarşılıqlı maraqlara, regional sabitliyə və uzunmüddətli inkişaf hədəflərinə söykənir. Türk dünyasında inteqrasiyanın gücləndiyi, yeni iqtisadi və nəqliyyat marşrutlarının formalaşdığı bir dövrdə Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyi gözlənilir. Bu əməkdaşlıq həm iki ölkənin milli maraqlarına, həm də bütövlükdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq məqsədlərin reallaşmasına mühüm töhfə verir.

 

Bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması iki qardaş ölkənin əlaqələrini ən yüksək siyasi-hüquqi səviyyəyə yüksəltdi. Bu sənəd təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edən mühüm siyasi qərar kimi tarixə düşdü. Səfər çərçivəsində imzalanan sənədlər paketi əməkdaşlığın geniş spektrini əhatə edir. Siyasi dialoq, iqtisadiyyat, investisiya, nəqliyyat-logistika, enerji, humanitar sahələr və rəqəmsal inkişaf istiqamətlərində əldə olunan razılaşmalar qarşıdakı dövr üçün möhkəm hüquqi baza formalaşdırır. Bu sənədlər Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələnin başlandığını nümayiş etdirir.

Səfər zamanı dövlət başçılarının qarşılıqlı ali dövlət təltifləri ilə mükafatlandırılması xüsusi siyasi və mənəvi məna daşıyır. Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi onun Türk dünyasının inteqrasiyasına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir. Öz növbəsində Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeni ilə təltif olunması qarşılıqlı hörmətin, etimadın və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin nümayişidir.

Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığında yeni mərhələnin başlanmasıdır. Çolpon-Ata şəhərində qəbul edilən Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığına dair Bəyannamə ölkəmizin region dövlətləri ilə münasibətlərini institusional əsasda inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi də ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş statusunun növbəti təsdiqidir.

 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: