20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutur

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutur

20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü kimi müəyyənləşdirilməsi həm də bu yaşayış məntəqələrinin Azərbaycan tarixində və milli yaddaşımızda xüsusi yerini əks etdirir. Uzun illər işğal və separatizm nəticəsində öz doğma yurdlarından didərgin salınmış insanların həmin torpaqlara qayıdışı artıq real prosesə çevrilib. 

Xankəndi şəhərinin azad olunması Azərbaycanın dövlət suverenliyinin bərpasının əsas rəmzlərindən birinə çevrildi. 2023-cü il sentyabr hadisələrindən sonra şəhərdə Azərbaycan Bayrağının dalğalanması xalqımız üçün mühüm tarixi hadisə oldu. Həmin ilin oktyabrın 15-də Xankəndi ilə yanaşı Xocalı, Xocavənd və Ağdərədə də Dövlət Bayrağımız ucaldıldı. Xocalının adı isə Azərbaycan xalqının yaddaşında xüsusi ağrı və hüznlə bağlıdır. 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu gün Xocalının azad olunması həmin şəhərdə yeni həyatın başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. 2024-cü il mayın 28-dən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışına başlanılması Böyük Qayıdış proqramının mühüm nəticələrindən biridir. Xocalıda aparılan işlər yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. 2025-ci ildə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı Prezident Sərəncamının imzalanması şəhərin tarixi yaddaşının qorunmasına xüsusi diqqətin göstəricisidir. Memorialın yaradılması Xocalı faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xocavənd də tarixi və mədəni irsimizin zənginliyi ilə seçilən ərazilərimizdəndir. Burada yerləşən Azıx və Tağlar mağaraları Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xocavənd rayonunun böyük hissəsi 1992-ci ildə işğal edilmiş, 2020-ci ildə Hadrut qəsəbəsi və bir sıra kəndlər azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər mərkəzi də daxil olmaqla ərazisi tam şəkildə Azərbaycanın nəzarətinə keçmişdir. Ağdərə şəhərinin azad olunması da 20 Sentyabr tarixinin mühüm məqamlarından biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri qanunsuz silahlı birləşmələrdən təmizləndi. Sonrakı mərhələdə Ağdərə rayonunun inzibati ərazi vahidi kimi yenidən təşkili və şəhərin rayon mərkəzi müəyyənləşdirilməsi ərazidə yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız tarixi Zəfərin rəmzləri deyil, həm də Azərbaycanın gələcəyə hesablanmış quruculuq siyasətinin mühüm ünvanlarıdır. İşğaldan azad edilmiş ərazilərdə yollar, yaşayış kompleksləri, sosial obyektlər və digər infrastruktur layihələri həyata keçirilir. Məqsəd bu torpaqlarda dayanıqlı həyatın bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və Qarabağın müasir Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrilməsidir.
20 Sentyabrın mahiyyəti yalnız bir tarixi hadisəni xatırlamaqdan ibarət deyil. Bu tarix Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək əzminin, xalqımızın milli iradəsinin və dövlətimizin məqsədyönlü siyasətinin nəticəsini ifadə edir. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Bayrağının dalğalanması uzun illər davam edən həsrətin sona çatmasının rəmzinə çevrilib. Bu baxımdan 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutur. Bu gün həm Zəfərin qəhrəmanlarını ehtiramla yad etmək, həm doğma torpaqlarına qayıdan insanların sevincini bölüşmək, həm də azad edilmiş ərazilərin gələcək inkişafına nəzər salmaq üçün əlamətdar tarixdir. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri göstərir ki, Azərbaycanın bu torpaqlardakı yeni tarixi yalnız keçmişin xatırlanması ilə deyil, qurulan, abadlaşan və yenidən canlanan şəhərlərlə yazılır.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: