Hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd edilir

Hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd edilir

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların siyasi və mənəvi əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. 20 Sentyabr da məhz belə günlərdəndir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı yeni reallıqların daha bir ifadəsidir. Bu tarix, eyni zamanda, üç onillikdən artıq davam edən işğalın, məcburi köçkünlük həyatının və torpaq həsrətinin başa çatmasını, azad edilmiş ərazilərdə yeni həyatın başlanmasını simvolizə edir. 

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd edilir. Beləliklə, artıq üçüncü ildir qeyd olunan bu əlamətdar gün Azərbaycanın dövlətçilik tarixində xüsusi məna daşıyan hadisələr sırasındadır. Prezident İlham Əliyev həmin gün Xankəndidə çıxışı zamanı qeyd edirdi ki, düz 20 il əvvəl prezident seçilərkən Azərbaycanın ərazi bütövlüyünün qorunması və Dövlət Bayrağının işğal altında olan bütün ərazilərdə qaldırılması ilə bağlı qarşısına məqsəd qoyub. Onun sözləri ilə desək, Azərbaycan xalqının gözlədiyi müqəddəs gün gəlmişdi. Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasiminin keçirilməsi və 2026-cı ildə memorialın açılması tarixi yaddaşın qorunması ilə yanaşı, Xocalının həyatın yenidən canlandığı şəhərə çevrilməsinin də mühüm simvoluna çevrilib. Ağdərədə isə dövlət siyasəti yaşayış məntəqələrinin bərpası ilə yanaşı, regionun iqtisadi və enerji potensialının hərəkətə gətirilməsini də əhatə edir. Dövlət Bayrağının ucaldılmasından sonra Suqovuşanda yaşayış kompleksinin və məscidin istifadəyə verilməsi, müxtəlif kəndlərdə fərdi evlərin və infrastrukturun bərpası, “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı və “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq bu istiqamətdə görülən işlərin miqyasını nümayiş etdirir. Bu gün Xankəndidə universitet fəaliyyət göstərir, Xocalı, Xocavənd və Ağdərədə yaşayış məntəqələri bərpa olunur, yeni yollar və infrastruktur yaradılır, ailələr doğma yurdlarına qayıdır. Bir sözlə, Qarabağda müharibədən sonrakı mərhələnin əsas gündəliyini artıq dağıntılar deyil, quruculuq və inkişaf müəyyən edir. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci dəfə geniş şəkildə qeyd ediləcəkdir. Fəxr etməyə dəyər. Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edəcəkdir. İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Əminliklə söyləmək olar ki, bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: