Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq və qarşıda duran yeni hədəfləri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin geniş və məzmunlu çıxışı ölkəmizin son illərdə əldə etdiyi tarixi nailiyyətləri, qarşıda duran vəzifələri və partiyanın gələcək fəaliyyət istiqamətlərini əhatə etmişdir. Cənab Prezident İlham Əliyev ölkənin son illərdə keçdiyi inkişaf yoluna nəzər salaraq əldə olunan tarixi nailiyyətləri diqqətə çatdırdı, qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi və Azərbaycanın yeni mərhələdəki strateji prioritetləri ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın reallıqlarının təbliği, ölkəmizdə, regionda və dünyada baş verən hadisələr barədə dolğun məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yoldan geniş bəhs edən dövlət başçısı bildirdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı. Prezidentin çıxışında iqtisadi inkişaf məsələləri də xüsusi yer tutdu. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər ölkənin müstəqil siyasət həyata keçirməsinə imkan verən əsas amillərdən biri kimi qiymətləndirilə bilər. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması qarşıdakı dövr üçün də mühüm prioritetlər sırasındadır. Dövlət başçısının mesajlarından biri də ondan ibarətdir ki, hərbi-siyasi uğurlar iqtisadi güclə tamamlanmalıdır. Güclü iqtisadiyyat Azərbaycanın müstəqil siyasətinin davam etdirilməsi və dövlətin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün möhkəm baza yaradır. Qurultayın əsas mesajlarından biri də Yeni Azərbaycan Partiyasının qarşıdakı mərhələdə üzərinə düşən vəzifələrlə bağlı idi. YAP Azərbaycanın siyasi həyatında aparıcı siyasi təşkilat kimi ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal rol oynamağa davam etməlidir. Partiyanın qarşısında yalnız siyasi fəaliyyət deyil, həm də cəmiyyətlə daha sıx əlaqələrin qurulması, gənclərin ictimai-siyasi proseslərə cəlb edilməsi və dövlətçilik dəyərlərinin təbliği kimi mühüm vəzifələr dayanır. Partiyamıza yeni qələbələr arzulayan Prezident İlham Əliyev vəzifələrin daha da çox olduğunu, bu gün yalnız strateji əhəmiyyət daşıyan istiqamətlərin diqqətə çatdırıldığını önə çəkərək bu əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, iqtisadi imkanlarının genişlənməsinə və ölkəmizin güclü dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan xalqı əldə etdiyi tarixi Qələbə ilə haqlı olaraq qürur duyur. Qarşıda duran əsas məqsəd isə bu Qələbənin nəticələrini qorumaq, ölkəmizi daha da inkişaf etdirmək və gələcək nəsillərə güclü, müstəqil və firavan Azərbaycan dövlətini miras qoymaqdır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər və qəbul edilən qərarlar da məhz bu məqsədə – Azərbaycanın davamlı inkişafına, milli həmrəyliyə və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Yeni Azərbaycan Partiyasının keçdiyi yol göstərir ki, xalqın iradəsinə və milli maraqlara söykənən siyasi kurs ölkəmizin uğurlarının əsas amillərindən biridir. Tarixi Zəfərimizdən sonra keçirilən VII Qurultayda qəbul edilən qərarların davamı olaraq VIII Qurultayın da qarşıya qoyduğu vəzifələrin uğurlu icrası ilə davamlı uğurlarımız təmin ediləcək.Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin bu aparıcı siyasi təşkilatının təsis olunduğu 1992-ci ildən başlanğıcını götürən zəfərlərimizdən üzərimizə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək amalı ilə daha xoşbəxt gələcəyimizə doğru inamla addımlayırlar.
Hüseyn Hacıyev
YAP Tovuz rayon təşkilatının əməkdaşı










