Şuşa Azərbaycan xalqının mənəvi paytaxtı, mədəniyyətimizin beşiyi, tariximizin və milli kimliyimizin ayrılmaz parçasıdır

Şuşa Azərbaycan xalqının mənəvi paytaxtı, mədəniyyətimizin beşiyi, tariximizin və milli kimliyimizin ayrılmaz parçasıdır

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız təqvimə yazılmış bir tarix deyil, milli qürurun, birliyin, qəhrəmanlığın və dövlətçilik iradəsinin təntənəsinə çevrilir. 8 Noyabr – Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın yaddaşında Qarabağ Zəfərinin ən parlaq səhifələrindən biri, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təcəssümü kimi yaşayır. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən mühüm hərbi-strateji hadisə oldu. Noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Şuşanın işğaldan azad edildiyini elan etdi. Həmin gün Azərbaycan xalqı 28 illik həsrətə son qoyan möhtəşəm qələbənin sevincini yaşadı. Prezident İlham Əliyevin tarixi müraciəti xalqımızın yaddaşına əbədi həkk olundu. Noyabrın 8-nin Zəfər Günü və Şuşa Şəhəri Günü elan edilməsi bu tarixi anın milli yaddaşımızda əbədiləşdirilməsinin təzahürüdür. 2023-cü ilin sentyabrında həyata keçirilən və cəmi 23 saat 48 dəqiqə davam edən lokal antiterror əməliyyatı ilə isə separatçılığa birdəfəlik son qoyuldu və suverenliyimiz ölkənin bütün ərazisində tam təmin edildi. Tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatının mühüm mərkəzlərindən biri olan Şuşa işğal dövründə ağır dağıntılara və talanlara məruz qalmışdı. Lakin azadlığa qovuşduqdan dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Şuşanın tarixi siması saxlanılmaqla məscidlər, muzeylər, tarixi abidələr bərpa olundu, işğal zamanı güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri yenidən öz əvvəlki yerlərinə qaytarıldı. Böyük Qayıdış proqramı çərçivəsində Şuşa artıq öz doğma sakinlərinə qucaq açıb. Şəhər mərkəzində və ətraf kəndlərdə yüzlərlə ailə müasir yaşayış komplekslərinə köçürülüb. Yaşayış binaları, məktəblər, xəstəxanalar, otellər və mühüm dövlət xidməti mərkəzləri istifadəyə verilərək şəhərdə tamqüvvəli yaşam təmin olunub. Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış böyük ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat və infrastruktur işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. Bu məsələlərdə hər bir vətəndaşımız fəal olmalıdır. Şuşanın bərpası zamanı əsas məsələlərdən biri şəhərin tarixi-memarlıq quruluşunun qorunmasıdır. İşğal illərində şəhərin bir sıra abidələri dağıdılıb, mədəni irsə ciddi ziyan vurulub. Azadlıqdan sonra infrastrukturun yenidən qurulması ilə paralel olaraq tarixi və mədəni abidələrin bərpasına başlanılıb. Bu işlər şəhərin keçmişini qorumaqla onun müasir yaşayış və xidmət ehtiyaclarını uzlaşdırmaq məqsədi daşıyır. Prezident İlham Əliyevin Şuşaya mütəmadi səfərləri şəhərin bərpası, infrastrukturun qurulması və tarixi abidələrin yenidən həyata qaytarılması prosesinin ardıcıl izlənildiyini göstərir. Səfərlər zamanı yaşayış kompleksləri, məktəb və səhiyyə obyektləri, məscidlər, muzeylər, tarixi binalar və şəhərin Baş planı ilə bağlı görülən işlər nəzərdən keçirilib. Şuşanın işğaldan azad edilməsindən sonra görülən işlər şəhərin tarixi simasının bərpası, müasir infrastrukturun yaradılması və sakinlərin doğma yurda qayıdışı istiqamətlərini birləşdirir. Qarşıdakı mərhələdə də bu istiqamətlərin uzlaşdırılması vacib olacaq. Tarixi abidələrin qorunması, yeni yaşayış mühitinin qurulması, sosial xidmətlərin əlçatanlığı və turizmin məsuliyyətli inkişafı bir-birini tamamlamalıdır. Şuşanın dirçəlişi yalnız keçmişin bərpası deyil, onun gələcək nəsillər üçün yaşadılmasıdır. Şəhərin mədəni irsini qoruyaraq inkişaf etdirmək, sakinlərin rahat yaşayışını təmin etmək və beynəlxalq mədəni-turizm əlaqələrini genişləndirmək Şuşanın uzunmüddətli inkişafının əsas istiqamətləri olaraq qalır. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: