Azərbaycanın başlatdığı enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir

img

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü böyük inam hissi ilə qeyd olunur. Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir. 


Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açdı. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir. Qeyd olunan sənəddə Azərbaycanın yerləşdiyi coğrafi məkanın rolu da əsaslı şəkildə təhlil edilib. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq mədəniyyətlər, sivilizasiyalararası dialoqa öz töhfələrini verir. Ölkəmiz, eyni zamanda, tolerant, multikultural cəmiyyətlərin formalaşmasına töhfələr verən ölkə kimi nüfuz qazanır. “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycanın bu sahədəki uğurlarına işıq salır. Belə ki, Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir.


Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib ki, “Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir”.


Dövlət başçısı bildirib ki, biz neft hasilatı ilə başladıq, sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük”.


Enerji təhlükəsizlik məsələsinə toxunan cənab İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı kimi vacibdir: “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”.


Nahid Namazov

Göygöl Rayon İHB-nın Qızılca kənd İƏD-si üzrə nümayəndənin müavini

Xəbəri paylaş: