
Cari ilin 28-29 sentyabr tarixlərində Bakıda EaPEC 2022 (The 5th Eastern Partnership E-infrastructure Conference – 5-ci Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı keçiriləcək.
Rezonans.az xəbər verir ki, 60-dan çox Avropa ölkəsinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən EaPConnect (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılacaq.
Konfransın keçirilməsində məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açan EaPEC 2022 konfransı müxtəlif ölkələrdən olan xüsusi ekspertlərin müvafiq mövzulara dair təqdimatlarının dinlənilməsi, həmkarlarla mühüm məsələlərlə bağlı təcrübə və fikir mübadiləsinin aparılması, Azərbaycan elminin Avropanın intellektual cəmiyyətinə effektiv şəkildə inteqrasiyasının təmin olunması baxımından mühüm platforma rolunu oynayacaq.
Qeyd edək ki, konfrans çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda “workshop”ların keçirilməsi nəzərdə tutulub.