Xankəndi və İrəvandakı mitinqlərin HƏDƏFİ - Qarabağla bağlı 3 “şərt”

img

"Xankəndidə və İrəvanda bu gün keçirilən mitinqlərin iki hədəfi var idi: Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan".

 

Rezonans.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, Ermənistan müxalifətinin Paşinyanı parlamentdə istefaya göndərməsi üçün gərəkən səsi yoxdur. Buna baxmayaraq, yaz aylarının sonunda olduğu kimi yenidən davamlı mitinqlərə başlayacaqlar ki, parlamentdə baş naziri istefaya zorlayacaq qədər tərəfdarlarının sayını artıra bilsinlər.

 

"Bunun üçün hakim partiyadan ən azı 20 səs müxalifətə keçməlidir. Müxalifətin buna necə nail olacağı bəlli deyil. Radikallar bugünkü mitinqlərində Azərbaycanı da “unutmayıblar”, Qarabağla bağlı 3 “şərt” irəli sürüblər. Birincisi, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, ikincisi “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, üçüncüsü, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir””.

 

Politoloq qeyd edib ki, Ermənistan müxalifəti məğlubiyyəti həzm etmək istəmir:

 

 "Bugünkü mitinqlər, erməni əsilli rusiyalı milyarderin Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi, yeni yolda peyda olan əli silahlı separatçılar, Amerika Konqresində görüşlərin təşkili – bütün bunları 1980-ci illərin sonunda da yaşamışıq, torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. O vaxt bizi hazırlıqsız yaxaladılar. Eyni səhvi təkrarlaya bilmərik. Bu dəfə onlara toparlanmağa imkan vermək olmaz".

 

Qeyd edək ki, sentyabrın 2-də Ermənistanın paytaxtı İrəvanda Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib. Mitinqdə müxalifət hərəkatının liderlərindən olan deputat İşxan Saqatelyan çıxış edib. O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədir, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.

 

Bundan əlavə, diqqətə çatdırılıb ki, etirazçılar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürməyi planlaşdırır.

Xəbəri paylaş: