Əli Əsədov donor transplantasiyası ilə bağlı qaydaları TƏSDİQLƏDİ

img

Baş nazir Əli Əsədov Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydasını təsdiqləyib.

 

Rezonans.az xəbər verir ki, Qərar Azərbaycan Respublikasının ərazisində insan orqan və toxumalarınıngötürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını müəyyən edir.

 

Qaydaya əsasən:

Canlı donordan donor orqanların götürülməsi cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim- transplantoloqlann reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.

Götürülmüş donor orqanlar əməliyyat otağında steril şəraitdə olan bu məqsəd üçün ayrılmış xüsusi masanın üzərinə qoyulur, damarları kateterizasiya edilir və xüsusi konservləşdirici məhlulla yuyulur. Bu proses orqanın damarlarına vurulmuş məhlulun həmin damarlardan makroskopik təmiz və şəffaf şəkildə çıxmasına qədər davam etdirilir.

Donor orqanların transplantasiyası həkim-transplantoloqların reyestrinə daxil edilmiş mütəxəssis tərəfindən aparılır.

Transplantasiya məqsədilə canlı donordan götürülmüş donor orqanlar dərhal, saxlanılmadan və daşınmadan resipiyentə köçürülür. Sümük iliyini və kök hüceyrələrini dərhal transplantasiya etmək mümkün olmadıqda onların transplantasiya üçün hazırlanması, saxlanması və daşınması ilə bağlı tədbirlər görülür.

Donor orqanların hər biri üzrə onların xüsusiyyətləri nəzərə alınmaqla transplantasiya üçün götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələblər  Nazirlik tərəfindən  müəyyən edilir.

Donor orqanları götürülməsindən, hazırlanmasından, saxlanmasından və daşınmasından sonra transplantasiya üçün yararsız hesab edilərsə utilizasiya olunmaq üçün Nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilir.

Xəbəri paylaş: