Sabah daha 12 ailə Zəngilanın Ağalı kəndinə yola düşəcək

img

Sentyabrın 7-də Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılacaq. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüləcək. On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 6-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşəcək. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək.

 

İllərdir doğma evlərinə geri dönmək ümidi ilə yaşayan bir neçə zəngilanlı ailənin evində olub, hazırda köç üçün son hazırlıq işləri görən şəxslərlə söhbət edib.

 

Ailəsi ilə birlikdə köç hazırlıqları edən Şıxnəsib Mahmudov yorğun, eyni zamanda, sevincli şəkildə öz təəssüratlarını bölüşərək dedi: “Allah dövlətimizin başçısına, Ordumuza kömək olsun, şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz 30 illik həsrətdən sonra doğma yurdumuza - Ağalıya qayıdırıq. Böyüyüb boya-başa çatdığımız Zəngilana getdiyimiz üçün özümüzü çox xoşbəxt hiss edirik. Uzun illər köçkünlük həyatı yaşadıq, ömrümüzün bundan sonrakı illərini isə fərəhlə öz el-obamızda keçirmək istəyirik.

 

Evlərində son dəfə yır-yığış işləri görən Laləzar Zeynalova isə bildirdi: “1993-cü ildən məcburi köçkünlük həyatı yaşayıram. O zaman mənim 25, qızımın isə 6 yaşı var idi. Allaha şükürlər olsun ki, sabah evimizə, doğma obamıza qayıdırıq, köçümüz uğurlu olsun. Mənim əmim oğlu da 1993-cü ildə şəhid olub. Onunla bərabər, bütün şəhidlərimizə rəhmət diləyirəm. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində biz doğma torpaqlarımıza qayıdırıq.

 

Rezonans.az xəbər verir ki, yüklərin yığılmasına kömək edən Mübariz Fərhadov da sevinc hisslərini AZƏRTAC-ın müxbiri ilə bölüşənlərdən biri olub. O, təəssüratlarını belə ifadə etdi: “Mən 20 yaşıma qədər Ağalı kəndində yaşamışam. Sonra ailəmizlə birlikdə məcburi köçkünlük həyatı yaşadıq. İran sərhədində müxtəlif problemlərlə qarşılaşdıq. Buna baxmayaraq, ulu öndər Heydər Əliyevin sayəsində sərhəddə yaşadığımız problem həll olundu. Bu illərdə çox çətinliklərlə qarşılaşdıq, amma dövlətimizin başçısının diqqət və qayğısını hər zaman hiss etdik.

 

Sabah Ağalıya köçən azyaşlı Aysun Mahmudova bura üçün darıxmayacağını, Ağalıya getdikləri üçün çox sevindiklərini bildirib.

 

Ağalıya köçən sakinlər yorğun olsalar da, əşyalarını yük maşınlarına yığmaqla məşğuldurlar.

Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var.

 

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

 

Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub.

 

Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.

 

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

 

Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

Xəbəri paylaş: