İran Moskva, Bakı və Tehran arasında vizaların sadələşdirilməsini istəyir

img

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi cümə günü bildirib ki, Moskva, Bakı və Tehran üçün sərhədləri keçmə və vizaların verilməsi prosesinin sadələşdirilməsi vacibdir.
 

"Biz (Rusiya, Azərbaycan, İran - red.) sərhədləri keçmək və viza almaq məsələsini sadələşdirməliyik. Bu, bir sıra xərclərin azalmasına, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələrin aradan qaldırılmasına gətirib çıxaracaq".


Rezonans.az xəbər verir ki, iranlı nazir Bakıda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə deyib.


Üçtərəfli görüş cümə günü, sentyabrın 9-da baş tutub və ondan sonra Bakı Bəyannaməsi imzalanıb.


Sənədi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.


Bəyannaməyə əsasən, Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər. İlk iclasın cari ay ərzində keçirilməsi planlaşdırılır.


“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Sankt-Peterburqdan başlayıb Mumbay limanına (Hindistan) qədən gedən və uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. Dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. Beynəlxalq nəqliyyat dəhlizinin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü).

Xəbəri paylaş: