Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası növbəti dəfə “Carlsberg Azerbaijan” şirkəti ilə birgə Dəniz Mall ticarət mərkəzinin qarşısında keçirilib.
Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova Rezonans.az-a bildirib ki, aksiya zamanı ümumi tutumu 2040 litr olan plastik butulka yığılaraq “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
“Ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə ekoçantalarla yanaşı, milli parklara bilet, azyaşlı uşaqlara isə kitablar hədiyyə olunub”.
S.Məmmədova qeyd edib ki, aksiyaya iyun ayından start verilib və bugünədək 10 aksiya keçirilib. Müxtəlif ərazilərdə keçirilən aksiyalara insanlar həvəslə qoşularaq təkrar emal prosesinə öz töhfələrini veriblər.
“Yay boyu keçirilən aksiyanın məqsədi daha çox istifadə olunan plastik butulkaları toplayaraq təkrar emala yönləndirməkdir”.
Nazirlik rəsmisi böyük maraq yarandığına görə aksiyaların davam etdiriləciyini və bu barədə elanların nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkələrində öncədən paylaşılacağını bildirib.
“Hər kəsi tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsi prosesinə dəstək olmağa çağırırıq. Unutmayaq ki, kiçik vərdişlər böyük dəyişikliklərə səbəb olur".