Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ildə ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayı ümumilikdə 792 min nəfər təşkil edib.
Rezonans.az xəbər verir ki, bu barədə Turizm Agentliyinin hesabatında bildirilib.
Qeyd edilib ki, 2021-ci ildə sərhəd keçid məntəqələrində pandemiya məhdudiyyətlərinin davam etməsi Azərbaycana gələn əcnəbi vətəndaşların sayına əhəmiyyətli dərəcədə təsir göstərməyə davam edib, bu isə öz növbəsində, qonşu ölkələrin gəlmə sayındakı payının artması ilə nəticələnib.
Ən çox əcnəbinin gəldiyi ilk 15 ölkə arasında qonşu ölkələrin payı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gələn əcnəbi vətəndaşların sayına görə Rusiya ilk pillədə qərarlaşıb ki (258,3 min), onu müvafiq olaraq Türkiyə (197,9 min), İran (125,3 min) və Gürcüstan (62,6 min) izləyib.
Ötən il ölkəyə gələn əcnəbi vətəndaşların 84%-i ümumilikdə ilk 5 ölkənin (Rusiya, Türkiyə, İran, Gürcüstan və Ukrayna) payına düşür ki, qeyd edilən ölkələr arasında 2020-ci illə müqayisədə Gürcüstan istisna olmaqla, demək olar ki, bütün ölkələrin gəlmə sayında artım müşahidə edilib.
2020-ci ildə olduğu kimi, Rusiya gəlmə sayına görə liderliyini qorusa da, ikinci pillədə qərarlaşan Gürcüstan mövqeyini Türkiyə və İrana itirərək dördüncü pilləyə qədər geriləyib. Ölkələr üzrə ən yüksək artım tempinin qeydə alındığı İrandan gələnlərin sayı 2020-ci illə müqayisədə 72% artsa da, 2019-cu il üzrə göstəricilərdən 51% geridə qalıb. Analoji olaraq, Rusiya, Türkiyə və Ukraynadan gələnlərin sayında 2020-ci illə müqayisədə müvafiq olaraq 15%, 23% və 3% artım, 2019-cu illə müqayisədə isə 72%, 38% və 71% azalma müşahidə edilib.