
Qırğızıstan prezidenti Sadır Japarov Ermənistan və Azərbaycanı münaqişəni sülh yolu ilə həll etməyə çağırıb.
Rezonans.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ötən gün ölkə rəhbəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının erməni tərəfinin təşəbbüsü ilə keçirilən videokonfrans şəklində fövqəladə sessiyasında iştirak edib. İclas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə həsr olunub.
"Dövlət başçısı qeyd edib ki, Qırğızıstan iki dost dövlətin sərhədində vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır. Prezident Sadır Japarov vəziyyətin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.Qeyd edib ki, tərəflər güc tətbiq etməkdən çəkinməli və öz arasında etimadın möhkəmləndirilməsi tədbirlərinin gücləndirilməsi əsasında öz aralarındakı bütün fikir ayrılıqlarını dinc vasitələrlə həll etməlidirlər”.
Sentyabrın 13-də gecə saatlarında Ermənistan hərbçiləri Azərbaycan qoşunlarının sərhəddəki mövqelərini atəşə tutub, qarşıdurma olub. Hər iki tərəfdən itkilər var.