
Biz qonşuluğumuzda cərəyan edən hadisələri böyük narahatlıqla izləyirik. Baş verənlər regionda təhlükəsizlik mühitini daha da pisləşdirə bilər, bu baxımdan hadisələr hamının narahatlığına səbəb olmalıdır.
Rezonans.az xəbər verir ki, bunu Almaniyada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili kansler Olaf Şoltsla birgə mətbuat konfransında deyib.
Baş nazir Azərbaycan və Ermənistanın Gürcüstan üçün dost ölkələr olduğunu vurğulayıb və tərəflərin tezliklə dialoqa qayıdacağına ümidvar olduğunu bildirib.
O, özünün şəxsən vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saxlanılan ermənilərlə minalanmış ərazilərin xəritələrinin mübadiləsinə dair razılıq əldə edildiyini xatırladıb, eyni zamanda tərəflərin tezliklə danışıqlar masasına əyləşərək münaqişəyə son qoyacağına ümidvar olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.