Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib.
Rezonans.az xəbər verir ki, tədbirdə ümumtəhsil məktəblərinin IX - XI sinif şagirdləri, müəllimlər, valideyinlər, uğurlu məzunlar, işəgötürən təşkilatların nümayəndələri və KİV əməkdaşları iştirak etmişlər.
Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq, iştirakçılara Təhsil Mərkəzi haqqında məlumat verib.
Q. Nəbiyev tərəfindən Mərkəzdə turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisasları ilə bağlı informasiya verilib və ümumi fəaliyyəti əks etdirən təqdimat edilib.
Sonra ümumtəhsil məktəblərinin müəllimləri, KİV nümayəndələri peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində məlumatlar veriblər.
Təhsil Mərkəzinin uğurlu məzunları Pərviz Əmiraslanlı, Tamerlan Əhmədli çıxış edərək, şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini veriblər və uğur hekayələrini danışıblar.
İştirakçılar master-klass dərslərə dəvət olunub, “aşpaz”, “qaynaqçı”, “dülgər”, “qənnadçı-şirniyyatçı”, “tikişçi”, “xalçaçı”, “veb dizayn və proqram təminatı” ixtisasları üzrə dərslərdə iştirak ediblər.
Tədbirin yekununda, şagirdləri maraqlandıran suallara cavab verilib və sonda qonaqlar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olublar. Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.
Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ TV arasında əməkdaşlıq memorandumu imzalanaraq, birgə fəaliyyət planı təsdiq edilmişdir.











