İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

img

Zaman hadisələrə düzgün dəyər vermək, mahiyyətini dərindən dərk etmək üçün zəngin mənbədir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına, torpaq həsrətimizə son qoyulduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini böyük qürur hissi ilə qeyd edirik. Son iki ildə tarixi Zəfərimizin yaratdığı reallıqları dünyaya qəbul etdirmək istiqamətində atılan addımlar da öz uğurlu nəticələrini verir.


Azərbaycanın müəllifi olduğu sülh gündəliyi beynəlxalq səviyyədə dəstəklənir, əksər dünya gücləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına öz dəstəklərini göstərəcəklərini bldirirlər. Azərbaycanın şanlı Qələbəsini şərtləndirən amillər məlumdur. Tarixi Zəfərimizin əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət sahəsində uğurlar, torpaq, Vətən sevgisi dayanır. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanındı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. 1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən  qeyd-şərtsiz çıxmaları öz əksini tapsa da dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində bu qətnamələr 30 il icrasını gözlədi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçını adı ilə çağırmaq istəmədilər, amma münaqişənin tezliklə ədalətli həllindən bəhs etdilər. Minsk qrupu həmsədrlərinin regiona nəticəsiz səfərləri Azərbaycan dövlətində, xalqında onlara qarşı inamı itirdi. Bu reallıq postmünaqişə dövründə də dövlət başçısı İlham Əliyevin çıxışlarının əsasında dayanır ki, Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi, müharibə yaşanmazdı. 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bir il sonra  döyüş meydanında təsdiqlədi. Bu bəyanat 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Qeyd etdiyimiz kimi,  30 ilə yaxın dövrdə Azərbaycan səbir, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqları imitasiya naminə aparmaq istəmirik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi  qaçılmazdır. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu, Müzəffər Ali Baş Komandan “Hücum!” əmrini verdi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı. Yazılan tarix sübut etdi ki, başqasının torpaqlarında gözü olmaq beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, gec-tez ədalət zəfər çalır. Saxta tarix yazan ermənilərin yaratdıqları “mif”lər də özünətəsəllidən başqa bir şey deyildi. Azərbaycan Silahlı Qüvvələri bu mifləri dağıtdı, Ermənistan ordusunun nə qədər zəif oluğunu sübut etdi. Hansı ki, ermənilərin və erməni diasporunun apardığı təbliğata uyğun olaraq orduları dünyanın ən güclü orduları “sırasındadır”. Prezident İlham Əliyevin hər bir çıxışında, işğaldan azad edilmiş ərazilərimizə ardıcıl  səfərlərinin hər birində tarixi Zəfərimizdən geniş bəhs olunur, ermənilərin əsl simaları, Azərbaycan xalqının bu illər ərzində necə vəhşi ilə üz-üzə dayandığı əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandan sahibinə qovuşmuş torpaqlarımıza səfər edərkən bəyan edir ki, bundan sonra bu torpaqlarda əbədi qalacağıq. Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda daim dalğalanacaq. Hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışın ilk addımı atılıb. Dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə soydaşlarımızın rahat yaşayışı üçün hər cür şərait yaradılır. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.


Nihad Pənahov

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: