İki il bundan əvvəl, yəni 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək məqsədilə Azərbaycan Ordusunun mövqelərini, habelə mülki əhalinin sıx məskunlaşdığı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqla insan tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır.
Rezonans.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının Anım günü ilə əlaqədar yaydığı bəyanatda deyilir.
"Azərbaycan Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq əks-hücum əməliyyatları həyata keçirməklə özünümüdafiə hüququndan istifadə etmişdir.
44 gün davam etmiş Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər rayonları və şəhər mərkəzləri intensiv şəkildə qadağan olunmuş silahlardan atəşə tutulmuş, hətta hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə və Mingəçevir şəhərləri, Bərdə, Qəbələ, Siyəzən, Xızı və digər rayonlar da uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından açılan hücumlara məruz qalmışdı. Ermənistanın növbəti hədəfi isə Azərbaycanın paytaxtı Bakı şəhəri olmuş, lakin buna nail ola bilməmişdir.
Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş “Skad”, “Smerç” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə ağ fosforlu və kaset tipli sursatlardan çəkinmədən istifadə etməklə törətdiyi müharibə cinayətləri 12-si uşaq olmaqla 100-ə yaxın dinc sakinin qətlə yetirilməsi, 450-dən çox mülki şəxsin yaralanması ilə nəticələndi. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdıldı və ya qəzalı vəziyyətə düşdü.
eyni zamanda son dövrlər erməni əsilli şəxslər tərəfindən xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlar da məhz Ermənistanın sülh tərəfdarı olmadığının göstəricisidir.
demarkasiya prosesi obyektiv şəkildə həyata keçirilməli və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən sülh müqaviləsinin bağlanması təmin edilməlidir;
Ermənistan Birinci və İkinci Qarabağ müharibələri dövründə itkin düşmüş şəxslərin taleyi barədə Azərbaycana obyektiv məlumat təqdim etməli və işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrini təhvil verməlidir;
Ermənistana məxsus qanunsuz silahlı dəstələr Azərbaycanın ərazisindən dərhal çıxarılmalı, regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, daxili məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl edilməlidir;
Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan xoşagəlməz hadisələr, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsi kəskin şəkildə pislənilməlidir. BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlarla bağlı qanuni ölçü götürülməlidir.
Ümidvarıq ki, nüfuzlu beynəlxalq təşkilatların və sülhsevər dövlətlərin birgə dəstəyi nəticəsində insan hüquqlarının müdafiəsinə dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, habelə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış 2020-ci il10 noyabr və 2021-ci il 11 yanvar tarixli birgə bəyanatların bütün müddəalarının Ermənistan tərəfindən ardıcıl surətdə yerinə yetirilməsinə və beləliklə də, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə nail olmaq mümkün olacaqdır".










