Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul edir.
BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatı keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur
Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.
Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir.
Kəmalə İbrahimova
Göygöl Rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri










