Dövlət başçısının rəhbərliyi ilə Qarabağ və Zəngəzur nümunəvi bölgə çevriləcək. Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib.
Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Burada 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu prioritet məsələdir.
Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Cari ildə il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında bu layihələr icra olunub. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və tezliklə burada da razılıq əldə olunacaqdır. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var.
İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Eyni zamanda, o memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa var. Azərbaycan ərazisində görüləcək işlərlə bağlı bu il konkret təkliflər verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə bilər.
Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır.
10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq.
Ceyhun Qasımov
Göygöl Rayon İHB-nın Göygöl şəhər İƏD üzrə nümayəndəsi










