"Heç kim unudulmur, heç nə yaddan çıxmır" - Yaddaşlarda yaşamaq şərəfi

img

Bu gün “Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.


Torpaq o zaman Vətən olur ki, qanla yoğrulur. Ona görə də ana Vətən deyilir. Vətən uğörunda canından-qanından keçənlərimiz də elə Vətən üçün doğulduqlarına görə əbədiyaşar ömür qazanırlar, öz şəhadətləri ilə.

Belə oğullarımızdan biri də Mikayılov Azər Əmrah oğlu  idi ki, 01 avqust 1980-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur...


Bu gün, 26 oktyabr 2022-ci il tarixdə  Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evində Kəlbəcər Rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və Gəncə regional mədəniyyət idarəsinin Kəlbəcər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

Mərasimdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nazim Çələbiyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan anım tədbirində, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid Azər Mikayılovun şərəfli ömür yolundan bəhs edən videorolik nümayiş olunub.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirdi ki ki,  ... 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda  məskunlaşıblar: “ 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə oxuyan Azər Mikayılov 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təhsilini davam etdirib  və leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın “N” saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib. 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə “Aprel döyüşləri” kimi yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov burada yaxından iştirak edirdi. 

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  kənarda qala bilməzdi.  Azər Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına şəhid olmuşdur. 

12 oktyabr 2020-ci ildə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Qarabağ" ordeni, “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri, Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq. Allah vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!” 

Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki, 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Qələbəni bizlərə Müzəffər Ali  Baş Komandanımız, dövlətimizinin başçısı İlham Əliyev, Rəşadətli ordumuz, şəhidlərimiz və xalqımız bəxş etdi. Şəhidlərimiz öz qanı bahasına əyilən qəddimizi düzəltdilər, qürurumuzu özümüzə qaytardılar. Şəhid Mikayılov Azərin qəhrəmanlığından, onun göstərdiyi igidlik nümunələrindən söz açan natiqlər vurğuladılar ki, Müzəffər Ali Baş Komandan şəhid mayor Mikayılov Azərin Vətən müharibəsində göstərdiyi şücaəti yüksək qiymətləndirərək onu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif etmişdir.

Şəhidin atası Əmirah Mikayılov və ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Tədbir daha sonra bədii hissə ilə davam etdi.

Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin.Vətən sağ olsun! Qarabağ Azərbaycandır!



İbrahim SƏFƏRLƏR,

YAP fəalı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xəbəri paylaş: