Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin beynəlxalq investisiya xəritəsində artan rolunu bir daha gündəmə gətirib

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin beynəlxalq investisiya xəritəsində artan rolunu bir daha gündəmə gətirib

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas xüsusiyyətlərindən biri investisiya gündəliyinin əvvəlki illərlə müqayisədə daha da genişlənməsidir. Energetika və nəqliyyatla yanaşı, sənaye, maliyyə, tikinti, süni intellekt, kənd təsərrüfatı, su ehtiyatları, rəqəmsal texnologiyalar və idman kimi sahələr də diqqət mərkəzindədir. Forum çərçivəsində Azərbaycanla xarici tərəfdaşlar arasında 11 Anlaşma Memorandumunun imzalanması bu gündəliyin praktiki müstəviyə keçdiyini göstərir. Forumda 70 ölkədən 803 nümayəndə daxil olmaqla, 3000-dən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin beynəlxalq miqyasını göstərən əsas göstəricilərdən biridir. Bununla yanaşı, forum çərçivəsində dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın qlobal kapital bazarındakı mövqeyinə artan marağın mühüm göstəricisi kimi diqqət çəkir. Azərbaycanın investisiya siyasətində diqqət çəkən məqamlardan biri xarici sərmayənin iqtisadiyyatın real sektoruna təsirinin artırılmasıdır. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində Azərbaycanın kapital ilə yanaşı, yeni texnologiyalar, biliklər və müasir həllər cəlb etməkdə maraqlı olduğu vurğulanıb. Bu yanaşmanın iqtisadi məntiqi aydındır: investisiya yeni istehsal güclərinin yaradılmasına, məhsuldarlığın yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və yerli şirkətlərin xarici bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət etdikdə onun iqtisadi təsiri daha geniş olur. 

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri göstərir ki, ölkənin investisiya gündəliyi tədricən daha çoxşaxəli xarakter alır. Qlobal investisiya şirkətlərinin nümayəndələrinin Bakıya gəlməsi, yeni əməkdaşlıq sənədlərinin imzalanması və müxtəlif sahələr üzrə konkret layihələrin müzakirəyə çıxarılması bu prosesin əsas elementləridir. Azərbaycan üçün qarşıdakı mərhələdə əsas məsələlərdən biri forum çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrə və real investisiya qərarlarına çevrilməsidir. Bu isə investisiya mühitinin davamlı inkişafı, layihələrin səmərəli icrası və beynəlxalq tərəfdaşlıqların uzunmüddətli xarakter alması ilə sıx bağlıdır. Nəticə etibarilə, Bakıda keçirilən investisiya forumu Azərbaycanın qlobal kapital üçün artan maraq doğuran istiqamətlərdən biri olduğunu göstərən mühüm platformaya çevrilib. Enerji və nəqliyyatla yanaşı, sənaye, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, bərpa olunan enerji və digər sahələrdə yeni layihələrin gündəmə gəlməsi ölkənin investisiya profilinin dəyişdiyini nümayiş etdirir. Forumda səslənən fikirlər və imzalanan sənədlər qarşıdakı dövrdə əsas diqqətin investisiya təşəbbüslərinin real iqtisadi nəticələrə çevrilməsinə yönələcəyini göstərir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə beynəlxalq investorların Bakıda görüş platforması deyil, həm də Azərbaycanın iqtisadi inkişaf gündəliyinin yeni istiqamətlərinin təqdim edildiyi mühüm tədbir kimi qiymətləndirilə bilər.

Prezident qeyri-neft sektorunun inkişafını, xüsusilə bərpaolunan enerji, logistika, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və süni intellekt sahələrini yeni investisiya istiqamətləri kimi təqdim edib. Bununla yanaşı, neft və qazın yaxın perspektivdə Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rolunu qoruyacağı da açıq şəkildə bildirilib. Prezident öz çıxışında bərpaolunan enerji potensialını Azərbaycanın gələcək iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi göstərib. Xüsusilə Xəzərin Azərbaycan sektorundakı külək enerjisi potensialı, yeni elektrik ötürücü xətlərinin yaradılması və enerji saxlanc sistemlərinin inkişafı ön plana çıxarılıb. Burada məsələ yalnız daxili elektrik tələbatının ödənilməsi ilə məhdudlaşmır. Azərbaycan gələcəkdə elektrik enerjisinin ixracatçısı olmaq və enerji istehsalını rəqəmsal iqtisadiyyat, data mərkəzləri və süni intellekt infrastrukturu ilə əlaqələndirməyi hədəf seçib. Bu yanaşma Azərbaycanın ənənəvi neft-qaz ixracatçısından daha geniş enerji və infrastruktur platformasına çevrilməsi məqsədini ortaya qoyur. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: