Məşhur kosmoloq Bakıda səfərdədir

img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos və “SABAH” qruplarının tərəfdaşlığı, “Coca-Cola” şirkətinin dəstəyi ilə məşhur kosmoloq, nəzəri fizik və astrofizik Lorens Maksvel Krauz Bakıya səfər edib. Onlayn formatda keçirilən təhsil, elm və texnologiyalar forumu ­– Beynəlxalq Nobel Festivalı (NobelFest) çərçivəsində Bakıya gələn alim Azərkosmosun qonağı olub.

Rezonans.az xəbər verir ki, L.M.Krausa Azərbaycanın kosmik sahə üzrə layihələri və Azərkosmosun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

L.M.Kraus bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə də görüşüb. Ona nazirliyin fəaliyyət istiqamətləri və ölkədə aparılan rəqəmsallaşma prosesi barədə məlumat verilib.

Astrofizik daha sonra Bakı Dövlət Universitetində “SABAH” qrupunun tələbələri ilə görüşüb. O, gənclərə kainatın mənşəyi və təkamülü, “James Webb” teleskopunun imkanları barədə danışıb. Görüş tələbələrin aktiv sual-cavab sessiyası ilə davam edib.

Milli Aviasiya Akademiyasında keçirilən seminarda isə L.M.Kraus kainatın yaranması ilə bağlı kosmoloji nəzəriyyə, kainatda enerji, qalaktikaların formalaşması və təkamülü, iqlim dəyişikliyi kimi maraqlı mövzulara toxunub.

Qeyd edək ki, Lorens Maksvel Kraus Kanada əsilli amerikalı alimdir, müasir elm dünyasına saysız-hesabsız töhfələr verib. Dünyaca məşhur “Ulduz yolu fizikası” (The Physics of Star Trek) və “Heç nədən yaranan Kainat” (A Universe from Nothing) kimi bestseller kitabların müəllifidir.

L.M.Kraus 1995-ci ildə kainatın enerji sıxlığında kosmosun enerjisinin üstünlük təşkil etdiyi fikrini irəli sürüb və 2011-ci ildə bu kəşfinə görə Nobel mükafatı alıb.

L.M.Kraus 40 illik karyerası ərzində ABŞ və başqa ölkələrdə fərqli universitetlərdə işləyib. Həmçinin yeddi il Astronomiya və Astrofizika Tədqiqat Məktəbində (Avstraliya), on il Yer Kürəsi və Kosmos Tədqiqat Məktəbində (Arizona) və digər elmi müəssisələrdə çalışıb.

O, 500-dən çox məqalə və 11 kitabın müəllifidir. Ən yeni kitabı “Məlum olmayanlar: kosmosun çözülməmiş sirləri” (The Known Unknows: Unsolved Mysteries of the Cosmos) 2023-cü ilin may ayında işıq üzü görəcək.

L.M.Krausun tədqiqat sahələri elementar hissəciklərin fizikası və kosmologiyadır. O, “The New York Times”, “The Wall Street Journal”, “The New Yorker” kimi nüfuzlu jurnal və qəzetlər üçün məqalələr yazır, müntəzəm olaraq televiziya və radiolarda çıxış edir.

Azərkosmos haqqında

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarımıza yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qururuq. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətimizin prioritet istiqamətlərindən biridir.

Daha ətraflı məlumatı veb-saytdan ala bilərsiniz.

Xəbəri paylaş: