Nazirdən BMT-yə mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ

img

28 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

 

XİN-dən Rezonans.az-a verilən məlumata görə, görüşdə Ceyhun Bayramov 2022-ci ilin Azərbaycan – BMT üzvlüyünün 30-cu ildonümü baxımından rəmzi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu xüsusda istər Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, istərsə də Bakıda təşkil edilmiş mühüm təşəbbüslərdən söz açıb və BMT-nin fəal üzvlərindən biri kimi Azərbaycanın bir sıra istiqamətlərdə, xüsusilə də beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar sahələrdə geniş töhfələr verdiyi xatırlanıb.

 

Görüşdə 2022-2026-cı illər üzrə ölkəmizin pandemiya və münaqişədən sonrakı dövr üçün yeni inkişaf strategiyasının BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin gündəliyi ilə paralel getdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə bu gündəliyin icrası üzrə könüllü hesabatları təqdim edən dünyanın bir neçə ölkəsi arasında və regionumuzda birinci olduğu vurğulanıb. Bu xüsusda, “Dayanıqlı İnkişaf 2022” hesabatında Azərbaycanın ilk 50-ci sıraya daxil olması ölkəmizin 2030 Gündəliyinin icrası üzrə qlobal öhdəliklərinə sadiqliyinin nümunəsi olduğu bildirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud cari vəziyyət, o cümlədən Ermənistanın genişmiqyaslı təxribatları, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bu xüsusda, nazir sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesindən bəhs edərək ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının və təcrübə mübadiləsinin vacibliyindən bəhs edib.

 

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib və bu gün BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş və Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirən fotosərginin əhəmiyyətindən bəhs edib. İlk dəfə Azərbaycanda həyata keçirilən layihənin hədəfinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək və onların reallaşmasına töhfə vermək olduğunu bildirib. Görüşdə T. Valovaya, eyni zamanda sülh prosesi üzrə səyləri yüksək qiymətləndirib.

 

Görüşdə tərəflər, həmçinin BMT gündəliyinin müxtəlif aspektləri və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.

Xəbəri paylaş: