Azərbaycanın parlament diplomatiyasının daha bir uğuru

img

AzərbaycanRespublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması parlament diplomatiyamızın növbəti uğuru kimi tarixə düşdü. Qeyd edək ki, ASEAN PA-nın daxili nizamnaməsinə əsasən, müşahidəçi statusu ilə bağlı müraciətləri 2-3 il ərzində araşdırıldıqdan sonra qərar qəbul olunur. Lakin Azərbaycan Milli Məclisinin müraciətinə prioritet qaydada baxılaraq dəstəkləndi. 


ASEAN Parlamentlərarası Assambleyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq əlaqələrin inkişafı üçün yeni bir platformadır. 1977-ci ildən fəaliyyət göstərən ASEAN PA geniş spektrli siyasi, sosial-iqtisadi və digər məsələlər üzrə üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı fəaliyyət üçün qurulmuş işlək mexanizmə çevrilib. Assambleyada qlobal siyasi məsələlər, Cənub-Şərqi Asiyada inteqrasiya prosesləri, beynəlxalq terrorizm və transmilli cinayətkarlıqla mübarizə, ekologiya, səhiyyə, narkotiklərin yayılmasına qarşı mübarizə sahəsində uzunmüddətli regional əməkdaşlıq proqramları, təhlükəsizlik, enerji sahələrinə dair çox mühüm problemlər müzakirə olunur. 


Assambleyaya müşahidəçi statusunda qəbul olunmuş ölkələrin siyahısı Avstraliyadan başlamış Norveçə qədər uzanır. Hətta Avropa Parlamenti belə, ASEAN PA-da müşahidəçi statusuna malikdir. Kambocada keçirilən iclasda isə Azərbaycan parlamenti ilə yanaşı, ABŞ Konqresi və Nepal Federal Demokratik Respublikasının Milli Assambleyası və Gürcüstan parlamenti də müşahidəçi üzv qismində ASEAN PA-ya qəbul edilib. Göründüyü kimi, Azərbaycanın müşahidəçi statusunda üzv qəbul olunduğu yeni təşkilatda təmsil olunan ölkələr kifayət qədər geniş bir coğrafiyanı əhatə edir. Azərbaycanın belə bir vacib platformada təmsil olunması Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyasının uğurla həyata keçirilməsinə parlament diplomatiyasının da töhfə verməsi üçün yeni imkanlar açır. 


Müasir dünyada qloballaşma proseslərinin intensivləşməsi, o cümlədən ünsiyyət və dil maneələrinin tədricən aradan qalxması ilə ənənəvi diplomatiyadan fərqlənən yeni diplomatiya formaları, xarici xiyasət konsepsiyaları beynəlxalq siyasətdə getdikcə daha mühüm rol oynamağa başlayır. Vətəndaş cəmiyyətlərinin beynəlxalq münasibətlərə təsir imkanlarının artması ilə paralel olaraq, ictimai diplomatiya, xalq diplomatiyasının yeni aspektləri meydana çıxır. İndi çox xarici siyasət sahəsində əvvəlki illərlə müqayisədə daha intensiv istifadə olunan parlament diplomatiyasının artan rolu da məhz bununla, yəni konkret ifadə etsək, ənənəvi diplomatiyanın manevr imkanlarının məhdudlaşması bağlıdır.  


Bu gün parlament diplomatiyasının məqsədi yalnız beynəlxalq münasibətlərin qanunvericilik bazasının formalaşdırılması deyil, həm də dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır. Məhz bu baxımdan ASEAN PA Azərbaycan parlamentinin bu prosesdə rolunu daha da gücləndirmək üçün kifayət qədər əlverişli platforma ola bilər. 


Yeri gəlmişkən, Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən bütün görüşlərdə, eyni zamanda, ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının birinci plenar iclasında və Assambleyanın Qadın Parlamentarilərinin görüşündə çıxışlarında Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsi,  azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri, ölkəmizin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində təşəbbüsləri barədə geniş məlumat verdi. Qeyd edim ki, parlament sədrinin rəhbərliyi ilə baş tutmuş Kamboca Krallığına səfərin ən mühüm nəticələrindən biri də, Azərbaycana xüsusi münasibətin olduğunu nümayiş etdirən yüksək səviyyəli görüşlər oldu. Kamboca Baş naziri, Senat sədri, Mərakeş, Tailand, Sinqapur, Nepal, Vyetnam parlament rəhbərləri, ASEAN PA-nın baş katibi ilə görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, iqtisadi nailiyyətləri, Ermənistanla münasibətlərin normallaşması prosesinə mane olan amillər, ölkəmizin regional sabitliyin təmin edilməsinə yönəlmiş addımları ilə bağlı faydalı müzakirələr aparıldı. 

Qeyd olunan faktlar bir daha göstərir ki, bu gün müxtəlif ölkələrin qanunverici orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq parlament təşkilatları ilə əlaqələrin gücləndirilməsi Milli Məclisin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Məhz bu kontekstdə yanaşdıqda Milli Məclisin ASEAN PA-ya müşahidəçi üzv kimi qəbul olunmasını bir neçə aspektdən mühüm siyasi hadisə kimi qiymətləndirmək mümkündür:

Azərbaycan Prezidenti tərəfindən müəyyən olunmuş çoxvektorlu xarici siyasət strategiyasına uyğun olaraq, parlament diplomatiyasının əhatə coğrafiyasının genişləndirilməsi;


Azərbaycanın beynəlxalq parlament təşkilatları ilə əlaqələrinin möhkəmləndirilməsi; 


Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən yeni və nüfuzlu platformalara çıxış imkanının əldə olunması;


ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinin institusional inkişafına xidmət edən tədbirlərə töhfə verilməsi;


müxtəlif ölkələrin parlamentlərində Azərbaycana yeni dostlar qazandırmaq, ölkəmizin milli maraqlarını müdafiə edən parlament üzvlərinin fəaliyyətinə siyasi dəstək vermək üçün yeni imkanların əldə olunması. 

Müasir dövrümüzdə parlament diplomatiyasının əsas vəzifəsi beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanı gücləndirməkdən ibarətdir. Məhz bu baxımdan qiymətləndirsək, Azərbaycan parlamentinin ASEAN PA-ya müşahidəçi üzv qismində, həm də müraciətə prioritet qaydada baxılaraq qəbul olunması ölkəmizə olan dərin etimadın nəticəsidir. Azərbaycan Prezidentinin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, “Bizim sözümüz də imzamız qədər keçərlidir” fikri bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycana olan dərin etimadın səbəblərini çox aydın şəkildə izah edir. Məhz dövlət başçısının müəyyən etdiyi xarici siyasət konsepsiyası yeni dostlar qazanmaq, əlaqələri genişləndirmək, Azərbaycanın milli maraqlarını beynəlxalq platformalarda inamla, uğurla müdafiə etmək üçün son dərəcə əlverişli imkanlar yaradan başlıca amildir. 



Ramin Məmmədov,

Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Xəbəri paylaş: