Komitə sədrləri yeni qanunun əhəmiyyətindən DANIŞDILAR

img

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Rezonans.az xəbər verir ki, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

 

O, yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu bildirib:

 

“Ötən qanun layihəsinin qəbul edilməsindən uzun zaman keçir. Yeni qanun layihəsi beynəlxalq təcrübələrə əsaslanır. Dünyanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Qanun lahiyəsində son variantda 66 dəyişiklik edilib”.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də qanun layihəsinin vacibliyindən söz açıb:

 

“Demokratik dövlətdə ifadə azadlığına, toplaşmaq və birləşmək azadlığına maksimum təminat verilməlidir. Yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi məhz bu təminatlara cavab verir”.

 

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə bildirib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenidən tərtib olunması vacib idi:

 

“İlk qanun layihəsi 1993-cü ildə qəbul olunub. 30 ildən artıq zamanda bu qanuna təkcə 70 dəyişiklik edilib, amma müzakirələr zamanı 66 dəyişiklik olunub. Bu isə təbii ki, göstərilən diqqətin nəticəsidir. Eyni zamanda siyasi partiyalar haqqında qanunun bütün müddəaları Milli Məclisin saytında qeyd olunur. Qanunla bağlı bütün müddəalar beynəlxalq standartlara cavab verir”.

Xəbəri paylaş: