Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 20-ci sessiyasında iştirak edib

img

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Ciddə şəhərində keçirilən 20-ci sessiyasında iştirak edib. Komissiya üzvləri ilə yanaşı, İƏT-ə üzv dövlətlərin diplomatik nümayəndəliklərinin, milli insan hüquqları institutlarının təmsilçiləri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və beynəlxalq ekspertlər də sessiyada iştirak ediblər.


Rezonans.az xəbər verir ki, sessiya çərçivəsində müxtəlif mövzular müzakirə edilib.  Əsasən ailə həyatına hörmət və nikahla bağlı insan hüquqları perspektivlərinin müzakirə olunduğu tədbirdə A.Səfixanlı Azərbaycanda son illərdə bu sahədə həyata keçirilən işlərdən danışıb. Ermənistanın uzun illər davam etmiş təcavüzü nəticəsində ölkəmizdə çoxsaylı insanların həlak olması səbəbindən ailələrə böyük zərər vurulduğu qeyd olunub.

Biznes və insan hüquqları ilə bağlı müzakirə çərçivəsində Ombudsman Aparatının rəhbəri bugünədək milli insan hüquqları institutu olaraq təsisat tərəfindən BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə əsasən həyata keçirilmiş fəaliyyət və bundan sonrakı mərhələdə nəzərdə tutulmuş inkişaf istiqamətləri ilə bağlı məlumat verib. Silahlı münaqişələr zamanı biznes fəaliyyətinin tənzimlənməsi mövzusuna toxunan A.Səfixanlı Azərbaycanın təbii ehtiyatlarının həm işğal dövründə, həm də postmüharibə dövründə qanunsuz olaraq Ermənistan tərəfindən istismar olunduğunu iştirakçıların diqqətinə çatdırıb. O, hazırda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən eko-fəallar, ekspertlər və tələbələrin Laçın – Xankəndi yolu ətrafında bu fəaliyyətə etiraz olaraq aksiya keçirdiyini qeyd edərək, səsləndirilən əsas tələblər barədə iştirakçılara məlumat verib.

Aparat rəhbəri islamofobiya mövzusu ilə bağlı müzakirədə çıxışı zamanı işğal dövründə Azərbaycanın dini-tarixi abidələrinin dağıdılması, vandalizm aktlarına məruz qalması halları haqqında danışıb. Bundan başqa, məhz etnik və dini mənsubiyyətinə görə azərbaycanlılara məxsus qəbirlərin dağıdılması, təhqir olunması halları ilə bağlı faktlar da nəzərə çatdırılıb. Azərbaycan Ombudsmanının bununla əlaqədar faktaraşdırıcı missiyalar həyata keçirdiyi, nəticələr əsasında beynəlxalq ictimaiyyətə hesabatlar təqdim etdiyi qeyd olunub. İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndələrinin də Azərbaycana səfər çərçivəsində dağıntı halları ilə yerində tanış olaraq hesabat hazırladığı diqqətə çatdırılıb. 

Xəbəri paylaş: