Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsini və möhkəmlənməsini daim diqqətdə saxlayır

img

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində dövlətimizin başçısı və dost ölkənin rəhbəri Rumen Radevin iştirakı ilə reallaşan SOCAR-ın Sofiya ofisinin açılışı mərasimində Azərbaycan–Bolqarıstan enerji əməkdaşlığının sürətlə inkişaf etdiyi, bu sahənin ikitərəfli əlaqələrdə mühüm yer tutduğu xüsusi vurğulanıb. Qeyd edək ki, Prezident İlham Əliyevin Bolqarıstana sonuncu – 2022-ci il 30 sentyabr–1 oktyabr tarixli rəsmi səfəri çərçivəsində Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi ilə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açıldığı da xatırladılıb. Mərasimdə dövlətimizin başçısının indiki səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addım kimi dəyərləndirilib.  Burada bir məqamı da xatırlatmaq istərdik. Prezident İlham Əliyev hələ ötən ilin oktyabr ayında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi mərasimindəki çıxışında SOCAR-ın ofisinin açılması məsələsinə toxunaraq qeyd edib ki, respublikamız enerji sahəsində təkcə təbii qazın ixracı ilə işi bitmiş hesab etmir: “Biz enerji ilə bağlı olan digər məsələləri də müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik”. Bu il martın 11-də Bolqarıstan Prezidenti Rumen Radev də dövlətimizin başçısına videokonfrans formatında görüşündə Azərbaycan liderinin verdiyi vədə sadiq qalaraq bu layihənin reallaşdırıldığı, Sofiyada SOCAR-ın ofisinin açıldığı üçün təşəkkürünü çatdırıb. Onu da qeyd edək ki, ölkəmiz “mavi yanacaq” tədarükündə də Bolqarıstanla sıx əməkdaşlıq edir. Məsələn, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il Bolqarıstana bir milyard kubmetr həcmində qaz nəql olunur.

Yeri gəlmişkən, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Həmin vaxt Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Eyni zamanda, təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını da şaxələndirməyə nail olub. Göründüyü kimi, energetika sahəsində strateji tərəfdaş olan Bolqarıstan Cənub Qaz Dəhlizinin fəal üzvüdür. Döst ölkə Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında yüksək səviyyədə təmsil olunub, adıçəkilən nəhəng transmilli layihənin icrası ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa dövlətlərinə və region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılır. Bununla da Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz əhəmiyyətli rolunu oynayır.  Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsini və möhkəmlənməsini daim diqqətdə saxlayır. Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir. Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə də xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri – Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirir və ölkələri bir-birinə daha da yaxınlaşdırır.  Beləliklə, 2015-ci ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin icrası tərəflər arasında əməkdaşlığın möhkəmlənməsini şərtləndirir, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq münasibətlərin yüksək səviyyədə inkişafına önəmli təsir göstərir.  Bolqarıstan ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr yarandığı ötən illər ərzində ümumi maraq doğuran bütün sahələr bərabərhüquqlu əməkdaşlıqla, qarşılıqlı hörmət və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin olmaması ilə xarakterizə edilir. Yeri gəlmişkən, son illərdə Azərbaycan–Bolqarıstan arasında enerji tədarükü ilə yanaşı, siyasi, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində də layihələr sürətlə reallaşdırılıb. Hər iki respublikanın dövlət başçısı tərəfindən qarşılıqlı əlaqələrin genişlənməsinin zəruriliyi dəfələrlə vurğulanıb. Məlumat üçün deyək ki, Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində fəal (TRASECA) iştirak edir. İki dövlət arasında, həmçinin regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bunlarla bərabər, Azərbaycan Bolqarıstanla birgə indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalayıb.

Ən əsası, Azərbaycanın Bolqarıstanla iqtisadi əlaqələrində enerji tədarükü ilə yanaşı, müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilib. Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Belə ki, təkcə 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub. Bu dövrdə iki dost ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub.


Cavid Əsgərzadə,

YAP Göygöl rayon təşkilatı aparatının məsləhətçisi

Xəbəri paylaş: